RU
Zakir Qaralov: 180 korrupsiya işi məhkəməyə göndərilib
14:30
449

Zakir Qaralov: 180 korrupsiya işi məhkəməyə göndərilib

Ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib.

Bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub.

Z.Qaralovun sözlərinə görə, ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilib, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib. Baş prokuror qeyd edib ki, 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin olunub: "Bu müddət ərzində xidməti qaydada həvəsləndirilən 144 prokurorluq işçisindən 5 nəfəri "Prokurorluğun fəxri işçisi” döş nişanına layiq görülüb, 63 nəfər fəxri fərmanla təltif edilib, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilib, 2 nəfərin intizam tənbehi üzərindən götürülüb, 42 nəfərə isə təşəkkür elan edilib".

Baş Prokuror bildirib ki, son bir ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Baş prokuror qeyd edib ki, həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədardır: "İstintaqı başa çatdırılan işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib".

Onun sözlərinə görə, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılıb, əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində vətəndaşlar tərəfindən "Qaynar xətt” əlaqə mərkəzinə daxil olan ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilib, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulan müvafiq tədbirlər görülüb: "Başlanılan cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunub"./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ