Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib.
Müvafiq fərmanın mətni Ukrayna prezidentin rəsmi saytında dərc olunub.
Noyabrın 2-də imzalanmış sənəddə qeyd olunur ki, Melaniya Tramp Ukraynaya humanitar dəstəyə verdiyi mühüm şəxsi töhfəyə, eləcə də Rusiyanın təcavüzü nəticəsində zərər çəkmiş, qanunsuz deportasiya edilmiş və müvəqqəti işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş ukraynalı vətəndaşların, o cümlədən uşaqlarının xilasına yönəlmiş fəal hüquq müdafiəsi və xeyriyyəçilik fəaliyyətinə görə mükafatlandırılır.
Bundan başqa, V.Zelenski digər fərmanla ABŞ-nin birinci xanımının xüsusi baş məsləhətçisi Mark Bekmanı da eyni fəaliyyətə görə "Qızıl ürək" fərqlənmə nişanı ilə təltif edib.
Xatırladaq ki, bir müddət əvvəl Melaniya Trampın vasitəçiliyi ilə Ukrayna və Rusiya mülki əhalinin təxliyəsi məqsədilə Xerson vilayətinin Oleşki bölgəsində müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Daha sonra M.Trampın Ukrayna və Rusiya nümayəndələrini şəxsən bir araya gətirəcəyi bildirilib.
İki dövlətin təmsilçiləri arasında görüş Ağ Evdə baş tutacaq. Birinci xanım noyabrın 5-də atəşkəs razılaşmaları ilə bağlı rəsmi bəyanatla çıxış edəcək.
Qeyd edək ki, Melaniya Tramp müharibə şəraitində olan iki ölkənin nümayəndələri arasında qarşılıqlı əlaqənin yaradılmasının müstəqil təşəbbüskarıdır.








