RU
Zəlzələ Ağsuda bir neçə evdə çatlar yaradıb
10:03
208

Zəlzələ Ağsuda bir neçə evdə çatlar yaradıb

Azərbaycanda baş verən zəlzələ Ağsu rayonunda bir neçə evdə yüngül çatlar əmələ gətirib.

Bu barədə Oxu.Az-a Ağsu rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, hazırda icra nümayəndələri ilə əraziyə baxış keçirilir:

"Hadisə ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyası araşdırma aparır. Hələlik çatlar barədə dəqiq məlumatlar yoxdur. Rayonun özündə təxminən 5-6 evdə yüngül çatlar yaranıb. Yeraltı təkanlar, əsasən, rayonun Şamaxı və İsmayılı istiqamətinə yaxın Dilman və Kalva kəndlərində hiss olunub. Hazırda hadisə yerindəyik. Həmin evlərdə baş verən çatların zəlzələdən əvvəl, ya sonra olduğu müəyyənləşdirilir. Komissiyanın araşdırmalarından sonra tam dəqiq məlumat vermək mümkün olacaq”.

Müavinin sözlərinə görə, yeraltı təkanlar nəticəsində xəsarət alanlar olmayıb.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ