RU
lombard
Adil Əliyev: Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu
18:42
201

Adil Əliyev: Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd edib.


Bu tarixi günə nəzər salarkən, deyə bilərik ki, Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu bir ərazi idi. Məhz bu səbəbdən də Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu və Azərbaycan Ordusunun daha da qətiyyətlə irəliləməsi ilə nəticələndi.


Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O bildirib ki, Füzulinin işğaldan azad edilməsindən danışarkən, bir simvolik məqama da diqqət yetirilməlidir. Belə ki, bu rayonun Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə azad edilməsini ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrı və 1994-cü ilin yanvarında həyata keçirilmiş uğurlu Horadiz əməliyyatının məntiqi davamı hesab etmək olar. Yeri gəlmişkən, Horadiz qəsəbəsinə şəhər statusu verilib və işğal dövründə bu qəsəbə qeyri-rəsmi olaraq Füzuli rayonunun mərkəzi olub.

"Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başladı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Füzuli-Şuşa yolunu Zəfər yolu adlandırıb. Bu Zəfər yolunun tikintisi Azərbaycanın Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə başladığı sürətli və geniş vüsətli bərpa, yenidənqurma və nəhəng tikinti işlərinin ilk müjdəçisi oldu. Belə bir çətin şəraitdə, sıx minalanmış ərazilərdə və keçilməz dağlıq relyefdə bu yolun bir il ərzində inşa edilməsi Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Eyni zamanda, cəmi 8 ay ərzində Füzulidə müasir standartlara uyğun və böyük təyyarələri qəbul etməyə imkan verən beynəlxalq hava limanının tikintisi isə dünya təcrübəsində nadir hadisə hesab oluna bilər. Artıq Füzulinin azad olunmasından keçən 1 ildə görülən bu nəhəng işlər bu ərazinin tezliklə regionun aparıcı rayonlarından birinə çevriləcəyinə şübhə yeri qoymur”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

A.Əliyevin sözlərinə görə, Füzuli həm də o səbəbdən önəmlidir ki, bu bölgənin işğaldan azad olunması ilə Azərbaycan özünün cənub sərhədlərinə də nəzarəti tam bərpa etdi və bu da ölkəmizin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirilməlidir.

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ