Astarada 58 yaşlı kişi sevdiyi qadınla ailə quran həmyerlisini armaturla döyüb.
Hadisə Astara şəhəri ərazisindəki bulvarda baş verib.
Rayon sakini, 1968-ci il təvəllüdlü İlham Hacıyev rayonda bir xanımı sevsə də, onunla ailə qura bilməyib. Xanım İlqar Qarayev adlı şəxslə ailə qurub və Rusiyaya köçüb.
Ailə uzun müddət Rusiyada yaşadıqdan sonra Astara rayonuna qonaq gəlib. Onlar qohumlarıgildə yerləşəndən sonra axşam saatlarında Astaradakı dənizkənarı bulvarda gəzintiyə çıxıblar. Bu vaxt onlar İlham Hacıyevlə qarşılaşıblar. İlham qəflətən yerdən armaturu götürərək - "sən mənim sevdiyim qızı alıb qaçmısan", - deyərək İlqara hücum edib. O, armaturla İlqarın baş və sifət nahiyəsindən vuraraq, ona ağır xəsarət yetirib. İlqar zərbənin təsirindən huşunu itirərək yerə yıxılıb, İlham isə oradan uzaqlaşıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Onların keçirdikləri tədbirlərlə İlham Hacıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İ.Hacıyevə bir il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.








