Azərbaycanda yetkinlik yaşına çatmayan uşağın ölkədən çıxarılması zamanı müəyyən hallarda digər valideynin notariat qaydasında təsdiqlənmiş razılığı tələb olunur.
Uşaq valideynlərindən biri ilə xaricə gedirsə, digər valideynin notarial razılığı olmalıdır. Uşaq təkbaşına ölkədən çıxırsa, hər iki valideynin razılığı tələb edilir. Valideynlərdən biri razılıq vermədikdə isə məsələ məhkəmə qərarı ilə həll olunur.
Bəzi hallarda razılıq tələb edilmir. Valideynlərdən biri vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş və ya itkin elan edildikdə, valideynlik hüquqlarından məhrum edildikdə və ya ata barədə məlumat doğum qeydində ananın göstərişi ilə yazıldıqda, bunu təsdiqləyən sənədlərin təqdim edilməsi kifayətdir.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan vətəndaşı olan uşağın ölkədən çıxması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməlidir.
Uşağın xaricdə təhlükəsizliyi, sağlamlığı və hüquqlarının qorunmasına görə məsuliyyət valideynlərin, övladlığa götürən şəxslərin, himayəçi və qəyyumların üzərinə düşür. Uşaqlar qrup halında, valideyn və ya qəyyum müşayiəti olmadan səfər etdikdə isə bu məsuliyyəti qrup rəhbərləri daşıyır.








