RU
ABŞ Senatı trilyon dollarlıq müdafiə büdcəsini blokladı
16:00
33

ABŞ Senatı trilyon dollarlıq müdafiə büdcəsini blokladı

ABŞ Senatı prosedur səsverməsində milli müdafiə üçün 1.15 trilyon dollarlıq qanun layihəsini bloklayıb.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Sənədin qəbul edilməsi üçün minimum 60 səs lazım olduğu halda 50 senator layihəni dəstəkləyib, 46 nəfər isə əleyhinə çıxış edib.

Adətən bu cür hərbi büdcə layihələrinin müzakirəsi Senatda kəskin fikir ayrılıqlarına səbəb olmur. Lakin hazırda demokratlar ABŞ rəhbəri Donald Trampın İrana qarşı hərbi addımlar atmaq səlahiyyətlərinə Konqres tərəfindən ciddi məhdudiyyətlər tətbiq olunmayanadək bu qanun layihəsinə səs verməkdən imtina edirlər.

Təklif olunan layihəyə əsasən, Müdafiə Nazirliyinə (Pentaqon) 1.1 trilyon dollar, nüvə silahları ehtiyatına nəzarət etməsi üçün Energetika Nazirliyinə 41 milyard dollar, hərbi xarakterli digər tədbirlərə isə əlavə 11 milyard dollar vəsait verilməli idi. Bununla yanaşı, sənəddə hərbi qulluqçuların maaşlarının 3.6 faiz artırılması, onların ailələrinin səhiyyə, təhsil, mənzil və uşaq baxımı ehtiyaclarına sərmayə yatırılması da öz əksini tapıb. Həmçinin, gəmi istehsalı üzrə böyük layihələrin və dron (PUA) texnologiyalarının inkişaf etdirilməsi xərcləri də sənədə daxil edilmişdi.

"Politico" nəşrinin təhlilinə görə, qanun layihəsi ətrafında yaranmış bu vəziyyət ABŞ hökumətinin işinin yenidən dayanması (şatdaun) təhlükəsindən xəbər verir. Əgər qanunvericilər ortaq məxrəcə gələ bilməsələr, hökumətin fəaliyyətinin qismən dayandırılması elə oktyabr ayında gerçəkləşə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ