RU
Anar Quliyev:
14:45
30

Anar Quliyev: "Hazırda Qarabağda yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi aparılır"

Qısa müddət ərzində Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin Ümumi Planının hazırlanması təmin edilmiş, Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi hazırda davam etdirilir.

7NEWS.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Baş planların hazırlanması zamanı müasir "ağıllı şəhər” yanaşmaları, "yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və s. bu kimi məsələlər prioritet götürülüb:

"Bu 2 gün ərzində ayrı-ayrı şəhərlərimiz üzrə görülmüş planlaşdırma işləri və işimizdə rəhbər tutduğumuz yanaşmalar barədə bəzi layihəçilərimiz təqdimatlarını keçirəcək. Həmçinin, ərazi planlaşdırma sənədlərinin işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır. Bu gün Sizə Ağdam Cümə Məscidində restavrasiya işləri, habelə sabah ADA Universitetində təşkil olunacaq Forumun müvafiq sessiyasında abidələrin bərpası barədə ətraflı təqdimat nümayiş olunacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi İşğaldan Azad Olunmuş Regionun artıq təsdiq olunmuş Ümumi Planına uyğun olaraq həyata keçirilir. Bununla yanaşı, tərəfimizdən mütəmadi olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin müasir dövrün çağırışlarına, iqlim şəraitinə və təbii proseslərə uyğunlaşdırılaraq yenilənməsi prosesi də aparılır.

Onu da vurğulamalıyam ki, hər bir yeni kompleks layihələndirmə zamanı müvafiq məkanda əsrlərlə formalaşmış memarlıq ənənələrinin də qorunmasına xüsusi önəm verilir, əməkdaşlıq etdiyimiz memarlar məhz yerli ənənələrdən, zəngin tarixi-memarlıq irsindən ilhamlanaraq yeni müasir layihələr ərsəyə gətirirlər.

Məlum olduğu kimi, tikinti, şəhərsalma və memarlıq dinamik bir sahədir və hər zaman yeniliklərin öyrənilməsini, müasir çağırışlarla uzlaşmağı tələb edir".

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ