Avstraliyanın Darvin şəhəri yaxınlığında, Stüart şosesində iki avtomobilin üz-üzə toqquşması nəticəsində beş nəfər həyatını itirib.
Bu barədə yerli polisə istinadən "Daily Mail" nəşri məlumat yayıb.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi ciddi zədələnib və alışaraq yanmağa başlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Ford Ranger" pikapı hələlik məlum olmayan səbəblərdən qarşı yola çıxaraq "Toyota HiAce" avtomobili ilə toqquşub. Pikapda olan dörd nəfər - 23 yaşlı sürücü, 36 yaşlı sərnişin, habelə arxada oturmuş 23 və 32 yaşlı iki qadın hadisə yerindəcə can veriblər. "Toyota"nın sürücüsü olan 69 yaşlı qadın da dünyasını dəyişib.
"Şahidlər zərərçəkənlərə hər iki avtomobili tamamilə alov bürüməmişdən əvvəl kömək etməyə çalışsalar da, onları xilas etmək mümkün olmayıb", - deyə polisdən bildirilib. Hadisə şahidlərinin sözlərinə görə, pikap çox yüksək sürətlə hərəkət edirmiş.








