"Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) sədri Asif Əsgərli və İB-in icraçı direktoru Gülnarə Bağırova Finlandiyanın Helsinki şəhərində "Skandinaviya, Baltik və Qafqaz dialoqu 2026: Mədəniyyət, Gənclər və Gender bərabərliyi” adlı Beynəlxalq Forumda və təşkil olunan müxtəlif panel müzakirələri, dəyirmi masa, görüş və tədbirlərdə iştirak etmişlər.
Beynəlxalq tədbirlər "Skandinaviya, Baltik və Qafqaz QHT Əməkdaşlıq Platforması” çərçivəsində Finlandiyanın "Femina Ry” QHT tərəfindən təşkil edilmiş və ADTGT İctimai Birliyi təmsilçilərinin Helsinki səfəri Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Helsinki Oodi Mərkəzi Kitabxanasında 10 ölkənin gənclər QHT rəhbərləri, gənc liderlər, ekspert və akademik çevrə təmsilçilərinin iştirakı ilə keçirilən I paneldə ADTGT təmsilçisi Gülnarə Bağırova "Gender bərabərliyi praktikada: Azərbaycan reallıqları” mövzusunda və Azərbaycan gənclər təşkilatı rəhbəri Asif Əsgərli isə "Mədəni mübadilədən struktur dəyişikliyinə: Gənclər əslində nələri edə bilər?” mövzusunda təqdimatla çıxış etdilər. Paneldə Finlandiya, Latviya, Estoniya və Danimarka QHT təmsilçilərinin də çıxışları dinlənildi və tədbir iştirakçıları arasında müzakirə, fikir mübadiləsi aparıldı.
Növbəti panellərdə Asif Əsgərli "Gənclər dəyişiklik agentləri kimi: Skandinaviya, Baltik və Qafqaz gənclər QHT-nin perspektivləri” və "Gənclərin rəhbərlik etdikləri dialoq və mədəni diplomatiya”, Gülnarə Bağırova isə "Gənc qadınlar və etnik azlıq gəncləri üçün rəqəmsal alətlər və təhlükəsiz onlayn məkanlar” və "Gənclərin təhsil, qeyri-formal tədris və vətəndaş iştirakında fəallığı” mövzularında geniş təqdimatlar nümayiş etdirdilər və müzakirələrdə aktiv iştirak etdilər.
Platforma çərçivəsində daha bir tədbir Helsinki "Azərbaycan Evi”ndə təşkil olunmuşdur. Mərkəzin rəhbəri Ülviyyə Cabbarova Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Evi”nin mədəni-humanitar sahədə gördüyü işlər, ölkəmizin, onun zəngin irsinin tanıtımı və eləcədə Finlandiya-Azərbaycan əlaqələrinin genişləndirilməsi sahəsində xidmətləri haqqında panel iştirakçılarına məlumat verdi.
Sonra ADTGT sədri Asif Əsgərli tərəfindən "Azərbaycanın davamlı gənclər siyasəti” və İB-in icraçı direktoru Gülnarə Bağırova tərəfindən isə "Azərbaycanın gender modeli” adlı məruzələr təqdim olundu, ölkəmizin gənclərlə və qadınlarla iş sahəsində uğurlu addımları, Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən dayanıqlı dövlət siyasəti haqqında tədbir iştirakçılarına məlumatlar çatdırıldı.
Forumun yekununda Azərbaycan gənclər təşkilatı olaraq ADTGT İctimai Birliyi ilə Finlandiya, Latviya, Estoniya, Danimarka və İsveç Krallığının müxtəlif QHT-ları arasında "Skandinaviya, Baltik və Qafqaz QHT-nin Əməkdaşlıq Platforması”nın davamlı əsasda təsis olunmasına və requlyar fəaliyyət göstərməsinə dair Tərəfdaşlıq Anlaşması imzalanmışdır.
ADTGT İctimai əlaqələr və informasiya
departamenti











