Qəbrin üstünün götürülməsi, betonlanması, kran və daşınma xərci daxil 1800 manata başa gəlir.
Dolların məzənnəsinin qalxması ölkəmizdə hər şeyin qiymətinə öz təsirini göstərdiyi kimi qəbir yerlərinin qiymətində də bahalaşma yaradıb. Qısa müşahidədən sonra rahatlıqla deyə bilərik ki, bu dünyada yaşamaq ölməkdən daha ucuzdur. Çünki qiymətlər heç də ürəkaçan deyil. Cebhe.info əməkdaşı yolunu Keşlə qəbiristanlığından salıb.
...Elə yolun dönəcəyində gül mağazası vardı. Yaxınlaşıb güllərin qiyməti ilə maraqlandıq. Üzü qırışmış, qarayanız, saçlarının xeyli hissəsi ağarmış dayı xırıltılı səslə salamlaşıb sözə başladı:
-Yaxşı güllərdi, səhər-səhər dərilib. Çox alsanız, qiymətdə güzəşt də edərəm.
-Qiymətlər neçəyədir?
-Qərənfillər 60 qəpikdir. Çox alsan, 50-dən verərəm, qızılgüllərin 5 manatdır dənəsi, bax, bu ağ güllər 2 manatdır, qalanları bir manatdan. Hansından istəyirsən, neçə dənə lazımdı?
-Çox sağ olun, indi biz gələcəyik gül götürmək üçün, çox güman ki, qərənfil alacağıq.
Təbii ki, mən gül almaq üçün buralara gəlməyəcəyəm. Sadəcə, qiymətlərlə maraqlanmaq idi məqsədim. Amma onu deyim ki, qızılgülü siz maksimum 2 manata, qərənfili 20-30 qəpiyə paytaxt Bakının bir çox yerlərindən əldə edə bilərsiniz. Azacıq irəlidə bizi sex gözləyirdi, daş sexi. Ətraf bir az səhmansız idi. Daşlar ətrafa dağılıb, uçuq-sökük bir dama yaxınlaşdıq. Müdir otağındaydı. Cavan oğlan bizi qarşıladı, dedi ki, qiymət məsələlərinə müdir baxır. Müdirlə də görüşdük. Qiymətləri bilmək üçün bizə bir kataloq da təqdim etdi. Hər cür daşlar, hər cür məzarlar vardı. Ağ mərmər, qara mərmər, daşlara rəngli şəkillərin döyülməsi, kəhkəşanlı məzarlar və s. Xeyli axtarış edib bir münasib baş daşı tapdıq. Bunun qiymətinin neçəyə başa gələcəyini maraqlandıq. Ağ mərmər idi. Nəzərə alsaq ki, ağ mərmər qaradan daha ucuzdur. Ona görə də elə məhz onu seçib qiymətini maraqlandıq.
Xeyli vur-çıxdan sonra qiyməti dedi. Məzarın üstünün götürülməsi, betonlanması, usta xərci, baş daşının quraşdırılması, kran və daşınma xərci daxil 1800 manata başa gəldi. Digərlərinin qiyməti ilə də maraqlandıq, adam heç son mənzilə də getməyə risk etmir bu qiymətləri biləndən sonra. Sağollaşıb onun azacıq yaxınlığında olan çadır kirayəsi yazılan ofisə daxil olduq.
Ağsaqqal isti ofisdə yaman yuxulamışdı. Ofisin sol tinində qoyulmuş divana oxşayan çarpayıda elə yatmışdı ki, baxanda adamı yuxu tuturdu. Yaşlı dayını yuxudan edib durquzduq.
-Dayı, bizə çadır lazımdır, təxminən bir neçə günlük.
-Adamsayı nə qədər olsun, 100-150 nəfərlik çadırlarımız var.
-Hər ikisini deyin, biz bilək.
-100 nəfərlik günü 300 manata olacaq, 150 nəfərlik 400 manata. Bura bütün avadanlıqlar, samovar, həmçinin çayçı xidməti, xidmətçilər də daxildir.Yəni, siz heç nəyə qarışmayacaqsınız.Bir gün ərzində gətirib çadırı istədiyiniz yerdə quracağıq, bir gün xidmət göstərib sabahısı gün söküb aparacağıq.Əgər 7 gün qalmağını istəyirsinizsə, günü 400 manatdan hesablayın.2100 manat edir.Siz 2000 verərsiniz.
Aşağı-yuxarı məsələsində razılaşmanı pozan yaşlı dayı insafa gəlib 100 nəfərlik çadırı 5 günə xidmətçi daxil olmadan verməyə razılaşdı.
-Gəl belə edək, mən sizə 100 nəfərlik çadırı verim. 5 gün qalsın sonra götürərik.Amma 800 manata razılaşa bilərik.
Bir cığallıq edib yenə də razılaşmanı pozduq, çünki mənə qiymətləri öyrənmək maraqlı idi.Oradan da ayrılıb qəbiristanlığa, əsas yerə daxil olduq.Qəbiristanlıq girişində gəzişən mollalardan birinə yaxınlaşdıq.Xeyli söhbətləşib qiymətlərdən danışmağa başladıq.Söhbət əsnasında ətrafa da diqqət yetirdik.Heç də hərəkətlilik yox idi.Bir neçə fəhlə çalışırdı.
Gəlib-gedən olurmu, ziyarətçilərin sayında azalma varmı - deyə soruşdum.
-Əlbəttə. Kimsə yuxuda görür, gəlib ziyarət edir, ən çox bayramlarda gəlirlər. Adi günlərində çox az adam gəlir. Əvvəl nisbətən daha çox idi .
-Bəs dəfn xərcləri nə qədərdi təxminən?
-Burda ucuzdur, elə də bahaçılıq deyil. Dəfn xərcləri 150-200 manatdır.Məzarın qazılması, dəfn xərcləri daxil olmaqla hamısı 150-200-ə başa gəlir.
-Meyitin yuduzdurulması, kəfənlənməsi bilmirsiniz neçəyə olar?
-Onu bizim həci yaxşı bilər. Məsciddən soruş, deyəcək amma mən bilən 50 manatdı yumaq, kəfənləmək.
Qarşılaşdığımız bu mənzərə heç də son mənzildə rahat uyumayacağımızın əyani sübutu idi.Bir insanın ölümü, ölüsünün yerdə qalmaması üçün görünən odur ki, əlinizdə 5 min manatdan daha çox pulunuzun olması vacibdir:
-2000 manat 7 günlük çadır
-1800 manat baş daşı
-150 manat dəfn xərcləri
-50 manat meyitin yuduzdurulub, kəfənlənməsi
Bununla yanaşı həmçinin mərhumun 7 mərasimində ehsanın verilməsi və digər xərcləri də daxil edə bilərik...
Allah bizə diriykən rəhmət eləsin. Amin...//cebhe.info
7News.az








