ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
Bu barədə Yaxın Şərq aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
"Ölkənin aviasiya hakimiyyəti uçuş qadağasını ən azı daha 12 saat - beynəlxalq vaxt ilə (UTC) saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 - red.) qədər uzadıb", - deyə mənbə bildirib.
O bu müddəti müvəqqəti adlandırıb və qadağanın daha da uzadılma ehtimalını istisna etməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.








