Bunu 7news.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"İlk olaraq buradan başlamaq olar ki, Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Yəni bu faktın özü onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü ümüumiyyətlə heç müzakirə obyekti də ola bilməz. Görünür Ermənistan hakimiyyətinin daxilində hələ də revanşist qüvvələr mövcuddur. Yəni onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib. Bu da əlbəttə təəssüf doğurur. Baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Əlbəttə Azərbaycanın dəmir yumruğu həmişə öz yerindədir. Ali Baş Komandanın iradəsi, xalqımızın gücü heç vaxt hansısa dövlətin başqa fikrə düşməsinə imkan verməz. Bu cür revanşist addımların isə sonunda yenə də zərər çəkən tərəf Ermənistan olacaq”.








