RU
Bağça müəllimləri imtahan verəcək
13:00
22

Bağça müəllimləri imtahan verəcək

5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.

İmtahanda iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Kompüter vasitəsilə elektron qaydada keçiriləcək imtahan üçün 120 dəqiqə vaxt ayrılıb. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və ya cavabsız suallar isə nəticəyə təsir göstərməyəcək.

Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafını təmin etmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində), eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər prosesdə iştirak etməyəcəklər. 60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı isə könüllüdür.

Sertifikatlaşdırmanın 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi və prosesə 9 000-ə yaxın şəxsin cəlb olunması gözlənilir.

İmtahanın vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Nəticələr avtomatlaşdırılmış qaydada hesablanacaq və imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ