Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olması göstərilib. Sakinlər uşaqlı-böyüklü hamısı gecə vaxtı həyətə çıxıblar.
Paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.
Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200-300 manat pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmır.
Bina sakinləri qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən də narazıdırlar.
Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün bütün kommunal xidmətlər dayandırılıb.
Sakinlərə köçürüləcəkləri barədə bir həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi hələlik dəqiqləşməyib./xezerxeber
7news.Az








