Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Teymur Səfərəliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
7News.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Teymur Səfərəliyev özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.
O, ifadəsində zərərçəkmiş Dəmir Eyvazovu xüsusi amansızlıqla öldürmədiyini söyləyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Dəmir Eyvazov uzun müddət ərzində onu narahat edib və bununla bağlı müxtəlif dövlət qurumlarına, o cümlədən Qəbələ Rayon Prokurorluğuna şikayətlər edib.
Teymur Səfərəliyev bildirib ki, hadisədən əvvəlki son 10 gün ərzində Dəmir Eyvazov hər gün bir neçə dəfə onun evinə gələrək özünün 10 000 manat məbləğində aliment borcunun onun tərəfindən ödənilməsini tələb edib.
Təqsirləndirilən şəxs, həmçinin Dəmir Eyvazovun böyük oğlunu öldürməklə hədələdiyini də iddia edib.
Teymur Səfərəliyevin sözlərinə görə, hadisədən təxminən bir həftə əvvəl Dəmir Eyvazov onun həyətinə gəlib və video çəkəcəyini qeyd edib: "O, məndən həmin videoda Nərminə adlı şəxslə bağlı müəyyən ifadələr işlətməsini istəmişdi. Dəmir Eyvazov bu yolla mənim oğlumu və dayılarımı biabır etmək istədiyini dedi".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən 3-4 gün əvvəl Dəmir Eyvazov onun yanına gələrək meşədə quru odunlarının olduğunu və həmin odunların daşınmasına kömək etməsini istəyib. O, həftə ərzində odunları daşıyacağın bildirib.
Hadisə günü isə Teymur Səfərəliyev Dəmir Eyvazovu götürmək üçün onun olduğu küçəyə gedib. O, əvvəlcə qısa müddətlik işi olduğunu, borclarını ödəməyə gedəcəyini, daha sonra isə birlikdə meşəyə gedə biləcəklərini deyib.
Teymur Səfərəliyevin sözlərinə görə, Dəmir Eyvazov həmin vaxt meşəyə gedəcəyini və yük avtomobilinin əraziyə daxil ola bilməsi üçün yol açacağını qeyd edib Bundan sonra təqsirləndirilən şəxs işini gördükdən sonra Dəmir Eyvazova zəng edərək yola çıxdığını və onu qarşılamasını istəyib. Meşəyə çatdıqdan sonra Dəmir Eyvazovla birlikdə odunları yük avtomobilinə yığmağa başlayıblar. Birinci yerdəki odunları yük avtomobilinə yükləyiblər. İkinci yerdə odunları yığarkən Dəmir Eyvazov kənddə kömürlərinin olduğunu deyərək həmin kömürləri də birlikdə Nic qəsəbəsinə aparmağı təklif edib.
Təqsirləndirilən şəxs iddia edib ki, Dəmir Eyvazov bu iş üçün nə avtomobilə yanacaq vuracağını, nə də pul verəcəyini bildirib. O, yolda avtomobilin ilişəcəyi təqdirdə nə edəcəyini soruşduqda, Dəmir Eyvazovun bu məsələyə görə də məsuliyyət daşımayacağını dediyini söyləyib. Bundan sonra Dəmir Eyvazov onu təhqir etməyə başlayıb.
O, mərhumdan onu söyməməsini xahiş etdiyini, lakin təhqirlərin davam etdiyini bildirib.
Teymur Səfərəliyev həmin vaxt əlində ot biçmək üçün istifadə etdiyi dəhrənin olduğunu deyib. Dəmir Eyvazov uzaqlaşarkən də söyüş söyərək onu köməyə çağırıb. Təqsirləndirilən şəxs isə artıq bezdiyini deyərək Dəmir Eyvazovdan söyüş söyməyi dayandırmasını istəyib.
İfadəsinə görə, Dəmir Eyvazov üçüncü yerdən odunları yığarkən də onu nalayiq ifadələrlə təhqir etməyə davam edib:
"Mən də onu qorxutmaq üçün dəhrə ilə belindən vurdum. Dəmir Eyvazov yerə yıxıldıqdan sonra da məni söyməyə davam edirdi. Bundan sonra əlimdəki dəhrə onun baş nahiyəsinə zərbə vurdum".
Təqsirləndirilən şəxs daha sonra prokurorluğa gedərək təslim olduğunu bildirib.
Onun sözlərinə görə, Dəmir Eyvazovla birlikdə ayda 2-3 dəfə odun yığmağa gedib və hər dəfə mərhum tərəfindən təhqir olunub.
Teymur Səfərəliyev həmin işlərin müqabilində Dəmir Eyvazovdan heç vaxt pul almadığını da vurğulayıb.
O, dəhrə ilə ilk zərbəni Dəmir Eyvazovun bel nahiyəsinə vurduğunu, təxminən 15-20 saniyə sonra isə ikinci zərbəni baş nahiyəsinə endirdiyini deyib.
Ümumilikdə neçə zərbə vurduğunu xatırlamadığını bildirən təqsirləndirilən şəxs zərbələrdən sonra Dəmir Eyvazovun üzüüstə yerə yıxıldığını söyləyib.
Onun sözlərinə görə, baş nahiyəsinə zərbələrdən sonra Dəmir Eyvazovun səsi çıxmayıb və hərəkətsiz vəziyyətdə qalıb:
"Mən həmin an onun ölüb-ölmədiyini bilmirdim. Əvvəlcədən onu öldürmək niyyətim olmayıb".
Teymur Səfərəliyev, həmçinin avtomobilindən aşkar edilən dəhrənin hadisə zamanı istifadə etdiyi dəhrə olmadığını bildirib. O, Dəmir Eyvazovu vurduğu dəhrəni hadisə yerində qoyaraq getdiyini deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra yük avtomobili çayda batıb və maşının altındakı daşı çıxararkən köynəyi cırılıb.
Bundan sonra özünə yeni köynək aldığını və prokurorluğa gedərək təslim olduğunu bildirib.
O, hadisə zamanı əynində olan köynəyin bir hissəsinin hadisə yerində qalıb-qalmadığını bilmədiyini söyləyib.
İttihama əsasən, 1986-cı il təvəllüdlü Teymur Səfərəliyev uşaqlıq illərindən tanıdığı həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Eyvazovu qəsdən öldürərək həyatdan məhrum edib.
Hadisə 16 iyun 2025-ci il tarixdə saat 17 radələrində Qəbələ rayonunun Solquca kəndində baş verib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Səfərəliyevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.








