Bolqarıstanın Tryavna şəhəri yaxınlığında yerləşən Belitsa kəndindəki hərbi zavodda yanğın və partlayışlar qeydə alınıb.
Bu barədə şəhər administrasiyasının rəhbəri Denço Minev məlumat yayıb. Bildirib ki, ərazi mühasirəyə alınıb, yerli sakinlərə təhlükə barədə təcili xəbərdarlıq edilib.
"Tryavna bələdiyyəsinin bütün sakinlərinə bildirmək istəyirəm ki, yük maşınının yanması nəticəsində Belitsa kəndindəki sursat zavodunun anbarlarında partlayışlar baş verib. Milli xəbərdarlıq sistemi işə salınıb. Qəzanın dəqiq səbəbləri müəyyənləşdirilənə qədər hadisə yerinə giriş qadağandır. Əraziyə yanğınsöndürənlər və polislər cəlb olunublar. Hazırda yaralılar və zərərçəkənlər barədə məlumatımız yoxdur. Ərazi mühasirəyə alınıb", - deyə o qeyd edib.
Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb. Bolqarıstan Milli Televiziyası şahidlərə istinadən tüstü sütunu və partlayış səsləri barədə məlumat yayıb, insidentin təxminən saat 11:30-da (Bakı vaxtı ilə saat 12:30) baş verdiyi bildirilir.








