Dilqəm və Şahbazın əsirlikdən xilas edilməsi üçün işlər aparılır - AÇIQLAMA

Dilqəm və Şahbazın əsirlikdən xilas edilməsi üçün işlər aparılır - AÇIQLAMA
Məlum olduğu kimi, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan "Dağlıq Qarabağ respublikasının xüsusi xidmət orqanları” (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən əsir götürülüb. Bu hadisə ölkədə böyük ictimai rezonansa səbəb olmuşdu. Bu məsələdə narahatlıq doğuran məqam isə həmyerlilərimizin qondarma Dağlıq Qarabağda qurulan "oyuncaq məhkəmə”yə cəlb edilmələri oldu. Belə ki, bu "məhkəmə”nin 2014-cü il 29 dekabr tarixli "qərarı” ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundular.

7News.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının bu gün yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses ölkə rəhbərliyinin və ictimaiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bütün zəruri tədbirlər görülür. Bu istiqamətdə atılan ən vacib addımlardan biri isə həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət olunmasıdır:

"Avropa Məhkəməsinə müraciətlə bağlı bu işdə zərərçəkmişlərin (əsirlikdə olan şəxslərin həyət yoldaşlarının) nümayəndəsi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edir. Bununla bağlı, ötən dövr ərzində şikayət ərizəsi hazırlanıb və 2015-ci il mayın 15-də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Həmin il iyunun 10-da Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb. Ərizənin təmin olunması üçün kifayət qədər hüquqi əsaslar var. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının bir sıra maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulub və buna görə məsuliyyəti Ermənistan dövləti bilavasitə daşıyır.

Adətən Avropa Məhkəməsinə müraciət olunan zaman oraya göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq üçün, habelə əsirlərin sağlamlıq vəziyyətini nəzərə alaraq Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması və həmvətənlərimizin Azərbaycana və ya başqa bir üçüncü ölkəyə təhvil verilməsi məsələlərinin zəruriliyi ərizədə xüsusi qeyd olunub. Lakin təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu xahişlərimizə mənfi cavab verilib və işə adi qaydada baxılacağı bildirilib.

Daha sonradan 2015-ci il sentyabrın 29-da əsirlərin sağlamlıq vəziyyətinin pisləşməsi barədə Ermənistan mətbuatında gedən xəbərlərə istinadən, habelə 16 iyun 2015-ci il tarixdə AHİM-in Çıraqov və digərləri Ermənistana qarşı qərarında Dağlıq Qarabağ torpaqları üzərində effektiv nəzarət imkanının yalnız Ermənistanda olması məsələsinin qət olunması məktubla Avropa İnsan Hüquqları Məhkəməsinin diqqətinə çatdırılıb. Əslində bu dəlillər Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması üçün əsas rolunu oynamaqda idi.

Bundan başqa, ötən dövr ərzində də Avropa İnsan Hüquqları Məhkəməsinə əsirlərin sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilib.

Məlumat üçün qeyd olunmalıdır ki, hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir. Gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaq.

Bundan başqa, əsirlərin sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır. Həkimlərin dediyinə görə, əsirlərin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən əsirlərin yaxın qohumları ilə mütəmadi görüşlər keçirilir və Avropa Məhkəməsində işin vəziyyəti barədə məlumatlar verilir. Belə ki, bu günlərdə Anar Bağırov həmyerlimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb. Görüşdə Anar Bağırov 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması halına təəssüfləndiyini bildirib. Eyni zamanda, qeyd edilib ki, özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirlik bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunmayıblar və bu mövzunun üzərindən sükutla keçiblər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standartların mövcudluğundan əyani xəbər verir.

Görüşdə müzakirə olunan və maraq kəsb edən məsələlərdən biri də Dilqəm Əsgərovun ailə üzvlərinin onu ziyarət etməsi məsələsi olub. Bununla bağlı qeyd olunub ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür.

Bundan başqa, görüşdə Azərbaycan vəkilliyinin bu kimi milli və həyati əhəmiyyət kəsb edən məsələlərdə xalqımızın hər bir nümayəndəsinə hər zaman hərtərəfli dəstək verməyə hazır olduğu bildirilib.

Eyni zamanda, görüşdə Avropa Məhkəməsində baxılmaqda olan bu məsələnin həssaslığı nəzərə alınaraq yerli KİV-in bu işlə bağlı məlumatları işılqandırarkən sayıqlıq nümayiş etdirmələrinin zəruriliyi vurğulanıb".
 
 

7News.Az

Xəbər lenti