RU
DİZDƏN GƏLƏN ÇIQQILTI VƏ XIŞILTI SƏSLƏRİ HANSI HALLARDA TƏHLÜKƏLİDİR? – FİZİOTERAPEVTDƏN AÇIQLAMA
22:08
28

DİZDƏN GƏLƏN ÇIQQILTI VƏ XIŞILTI SƏSLƏRİ HANSI HALLARDA TƏHLÜKƏLİDİR? – FİZİOTERAPEVTDƏN AÇIQLAMA

Diz oynağından hərəkət zamanı eşidilən çıqqıltı, xışıltı və xırçıldama səsləri hər zaman ciddi xəstəlik və ya oynaq zədələnməsi əlaməti hesab olunmur. Tibbdə bu hal krepitasiya adlandırılır və müxtəlif fizioloji və patoloji səbəblərlə əlaqəli ola bilər.

Fizioterapevt Rəhimə Atəş bildirir ki, dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu və digər narahatedici əlamətlər müşahidə edilmədikdə, oynağın hərəkəti zamanı yaranan səslər əksər hallarda ciddi problemə işarə etmir. Bu səslər oynaq mayesində təzyiq dəyişiklikləri nəticəsində qaz qabarcıqlarının yaranması və ya çökməsi, həmçinin vətər və bağların sümük çıxıntıları üzərində hərəkəti ilə bağlı ola bilər.

Bununla yanaşı, diz oynağında davamlı xışıltı və xırçıldama səsləri bəzən oynaq qığırdağında baş verən dəyişikliklər, patellofemoral ağrı sindromu, menisk zədələnmələri və osteoartrit kimi problemlərlə də əlaqəli ola bilər. Xüsusilə yaş artdıqca, artıq çəki, əvvəlki idman və ya travmatik zədələr, eləcə də oynağa uzunmüddətli mexaniki yüklənmə bu cür dəyişikliklərin yaranma riskini artıra bilər.

Bəs hansı hallarda narahat olmaq lazımdır?

Əgər dizdən gələn səslərlə yanaşı ağrı, şişkinlik, qızartı, istilik artımı, hərəkət zamanı ilişmə və ya dizin tam açılıb-bükülməsində çətinlik yaranırsa, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır. Həmçinin yeriyərkən dizin boşalması, qəfil kilidlənməsi və ya travmadan sonra yaranan kəskin ağrı mütəxəssis müayinəsini zəruri edir.

Diz oynağının sağlamlığını qorumaq üçün müntəzəm fiziki aktivlik, bud və baldır əzələlərinin gücləndirilməsi, bədən çəkisinin nəzarətdə saxlanılması və fiziki yüklənmənin düzgün tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, yalnız oynaqdan gələn səsə əsasən hər hansı xəstəlik diaqnozu qoymaq mümkün deyil. Şikayətlər davamlıdırsa və ya əlavə simptomlarla müşayiət olunursa, ortoped-travmatoloq və ya müvafiq mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Bəs dizdən gələn səslər nə zaman normal hesab olunur, nə zaman isə ciddi problemin göstəricisi ola bilər?

Ətraflı məlumat üçün videoya baxın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ