İranda COVID-19-a yoluxma hallarının artdığı, hətta xəstəlikdən ölüm faktlarının qeydə alındığı bildirilir. Məlumata görə, yayılan virusun alt variantı əvvəlkilərlə müqayisədə daha sürətlə yoluxmaya səbəb olur. Bu vəziyyət Azərbaycanda da infeksiyanın yayılma ehtimalı ilə bağlı suallar doğurur.
Məsələ ilə bağlı səhiyyə eksperti Adil Qeybulla bildirib ki, pandemiya başa çatsa da, COVID-19 tamamilə aradan qalxmayıb. Onun sözlərinə görə, Avropa ölkələrində, Azərbaycanda, İranda və dünyanın digər bölgələrində vaxtaşırı yoluxma ocaqları yaranır.
Ekspert pandemiya dövründə vaksinasiyadan yayınma, peyvənd əleyhinə təbliğat və saxta vaksinasiya sənədlərinin də infeksiyanın yayılmasına təsir göstərdiyini qeyd edib. O vurğulayıb ki, peyvəndlənmə yoluxma zəncirinin qırılmasında mühüm rol oynayıb.
Adil Qeybullanın sözlərinə görə, "Omikron" ştammının müxtəlif mutasiyaları hələ də yayılmaqdadır. Virusun gələcəkdə tamamilə yox olacağı, yoxsa qrip kimi hər il mövsümi şəkildə yayılacağı isə məlum deyil.
Ekspert xatırladıb ki, koronaviruslar 1960-cı illərdən insanlarda mövcuddur. SARS-CoV-1 və MERS epidemiyalarından sonra SARS-CoV-2 virusu COVID-19 pandemiyasına səbəb olub.
Onun sözlərinə görə, hava-damcı yolu ilə yayılan infeksiyanın istənilən ölkəyə keçmə ehtimalı var. Buna görə də COVID-19-un Azərbaycanda yayılması riskini istisna etmək mümkün deyil. Hazırda virusun dünyanın heç bir ölkəsində tamamilə yox olduğunu demək olmaz.








