RU
“Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib
15:03
26

“Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib


İyunun 23-də Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Baş Prokurorluğun rəhbərliyi, prokurorluq orqanlarının struktur qurumlarında çalışan və veteran dövlət qulluqçuları iştirak ediblər.

Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirakçıları peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, günün əhəmiyyətindən bəhs edib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü BMT-nin Dövlət Qulluğu Günü elan edilib. Bu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixi ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Elçin Məmmədov dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetmə sistemində həyata keçirilən islahatların dövlət qulluğunun daha da təkmilləşdirilməsinə, şəffaflığın, peşəkarlığın və vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini bildirib. 

Daha sonra çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov qeyd edib ki, prokurorluq orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirərək qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə, cinayətkarlığa qarşı mübarizəyə, insan hüquq və azadlıqlarının qorunmasına, sənəd dövriyyəsinin təşkilinə, insan resurslarının idarə olunmasına, maliyyə, informasiya texnologiyaları və digər istiqamətlər üzrə işlərin operativ və keyfiyyətli həyata keçirilməsinə mühüm töhfələr verirlər.

Çıxışlarda dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılmasının, etik davranış qaydalarına riayət edilməsinin və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, ölkədə dövlət qulluqçularının sayı 27 min nəfərdir və onların 31,4 faizini qadınlar təşkil edir. Prokurorluq orqanlarında isə 624 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir ki, onların da 39,4 faizi qadınlardır. Eyni zamanda dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıdan, habelə dövlət qulluğunun səmərəli və məsuliyyətli həyata keçirilməsi üçün müəyyən edilmiş prinsiplərdən bəhs olunub.

Tədbirdə çıxış edən dövlət qulluqçuları və veteranlar dövlət qulluğunun inkişafı, bu sahədə çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və peşə fəaliyyətləri üçün yaradılan əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ