İstanbulun sabiq meri Əkrəm İmamoğlu iki il bir ay müddətinə azadlıqdan məhrum edilib. Siyasətçiyə siyasi fəaliyyətlə məşğul olmaq da qadağan olunub.
Türkiyə KİV-lərinin məlumatına görə, məhkəmənin qərarı İmamoğlunun 2022-ci ildə İstanbulun Tuzla rayonunun sabiq bələdiyyə sədri Şadi Yazıcı ilə bağlı səsləndirdiyi fikirlər üzrə açılmış cinayət işi ilə əlaqədardır.
Məhkəmə İmamoğlunu təqsirli bilərək ona iki il bir ay həbs cəzası verib. Bundan əlavə, siyasətçinin siyasi fəaliyyətlə məşğul olması qadağan edilib.
Qeyd olunur ki, bu işə daha əvvəl də məhkəmədə baxılıb və İmamoğlu bəraət alıb. Lakin apellyasiya instansiyası bəraət hökmünü ləğv edib. Bildirilib ki, təhqir işi sadələşdirilmiş qaydada araşdırıla bilməz və qərar məhkəmə iclasından sonra çıxarılmalı idi. Bundan sonra iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Əkrəm İmamoğlu barəsində müxtəlif ittihamlarla, o cümlədən İstanbul meriyası ilə bağlı korrupsiya işi üzrə bir neçə cinayət işi açılıb. Siyasətçiyə qarşı irəli sürülən 140-dan çox epizod üzrə məhkəmə araşdırmaları davam edir.








