Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın hiss olunur. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi də xalqımızın yaddaşında qəhrəmanlıq, birlik və milli qürur salnaməsi kimi yaşayır. Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bu tarixi Zəfərin mühüm mərhələlərindən biri 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad olunması oldu. Bu gün Füzuli Şəhəri Günü kimi qeyd edilir.
Uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlər üçün Füzulinin azadlığı yalnız hərbi qələbə deyil, həm də doğma torpağa qayıdış ümidinin gerçəkləşməsi demək idi. Bu gün həmin ümid real addımlarla davam etdirilir. Şəhərdə yaşayış binaları, yollar, sosial obyektlər və mühüm infrastruktur layihələri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti, yeni yaşayış məhəllələrinin salınması və Böyük Qayıdış çərçivəsində sakinlərin doğma yurdlarına dönməsi rayonun həyatında yeni mərhələnin başlanğıcıdır.
Füzulinin dirçəlişində təhsil və gənclərin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın dəstəyi ilə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Azərbaycan ilə qardaş ölkə arasında dostluğun və həmrəyliyin rəmzidir. Müasir sinif otaqları, laboratoriyalar, kitabxana, idman zalı və futbol meydançası ilə təchiz olunmuş bu məktəb uşaqların bilik qazanması və hərtərəfli inkişafı üçün yaradılan imkanların nümunəsidir.
Füzulidə gənclərlə bağlı diqqətçəkən hadisələrdən biri də 2026-cı il sentyabrın 29-da Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılışının keçirilməsi oldu. Azərbaycanla yanaşı, daha 11 ölkədən 100-dən çox gənc avarçəkənin iştirak etdiyi yarış bölgənin idman həyatında əlamətdar hadisəyə çevrildi. Tədbir çərçivəsində uşaqlar və yeniyetmələr üçün viktorinalar, intellektual yarışlar təşkil edildi, Füzuli sakinlərinə avarçəkmə ilə tanış olmaq imkanı yaradıldı. Bu cür tədbirlər gənclərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və müxtəlif ölkələrdən olan yaşıdları arasında dostluq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir.
Azad edilmiş ərazilərin bərpası yalnız tikinti və infrastrukturla məhdudlaşmır. Bu proses həm də yeni nəslin yetişməsi, təhsil imkanlarının genişlənməsi, idmanın və mədəni həyatın inkişafı deməkdir. Gənclərlə işləyən ictimai birliklərin qarşısında bu imkanları gənclərə tanıtmaq, onların ictimai fəallığını artırmaq, vətənpərvərlik ruhunu gücləndirmək və təşəbbüslərini dəstəkləmək kimi mühüm vəzifələr dayanır.
Füzulinin bugünkü mənzərəsi göstərir ki, Zəfərin davamı quruculuq, inkişaf və gələcəyə inamdır. Bu torpaqlarda böyüyən və təhsil alan gənclər Azərbaycanın sabahını formalaşdıracaq, şəhidlərimizin əziz xatirəsini yaşadaraq ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəklər. Füzulinin azadlığı tariximizin qürur səhifəsi, onun dirçəlişi isə gələcək nəsillər üçün yeni imkanların başlanğıcıdır.
Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi








