RU
Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə
13:36
31

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Oçerk-portret

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərlinin 50 yaşı tamam olur. Bərdənin məktəb partasından başlayan, Strasburqdakı Avropa mükafatına, ölkənin ictimai və siyasi həyatına uzanan fəal və şərəfli bu yol Azərbaycanda gənclər hərəkatının və vətəndaş cəmiyyətinin müstəqillik illərindəki tarixi ilə sıx bağlıdır.

Gələcəyə sərmayə qoyulan ömür

Hər xalqın taleyi yalnız keçmişi ilə deyil, yeni nəslin hansı dəyərlərlə böyüdüyü ilə də müəyyənləşir. Dövlətlər sərhədləri, iqtisadiyyatı və ordusu ilə güclü olur, amma onları yaşadan əsas qüvvə düşünən, təşəbbüs göstərən və məsuliyyət daşıyan gənclərdir.

Bu qüvvəni üzə çıxarmaq, təşkilatlandırmaq və cəmiyyət həyatına qoşmaq isə ayrıca zəhmət, səbir və peşəkarlıq tələb edir. Uzun illər gənclərlə işləmiş rəhbərin əsas göstəricisi onun yetişdirdiyi insanlardır. Hər təşkilatın dəyəri vəzifəli şəxslərin sayında yox, onun vasitəsilə həyata atılmış gənclərin cəmiyyətə verdiyi töhfədədir.

Yarım əsrlik ömür yolu göstərir ki, Asif Əsgərli üçün təşkilatçılıq, idarəetmə, siyasi fəaliyyət, ictimai aktivlik, analitik mövqey və beynəlxalq təmsilçilik bir-birindən ayrı sahələr deyil, bir məqsədə, yəni gənclərin, cəmiyyətin, dövlətin və siyasi sistemin inkişafına xidmət edən bir bütövün hissələridir.

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli bu işə həyatını həsr edənlərdəndir.

1976-cı il oktyabrın 26-da Bərdədə dünyaya gələn Asif Əsgərli bu gün 50 yaşını tamamlayır. Bu yarım əsrlik ömrün böyük hissəsi ölkədə gənclər hərəkatının, vətəndaş cəmiyyətinin, QHT sektorunun formalaşması və siyasi aktivliklə yanaşı gedib. Onun yolu bir şəxsin tərcümeyi-halı olmaqla yanaşı, müstəqillik illərində Azərbaycanda gənclər hərəkatının və vətəndaş təşəbbüslərinin inkişaf tarixinin də bir hissəsidir.

Doğma Bərdə: köklər və ilk addımlar

Bərdə Azərbaycanın qədim şəhərlərindən biri, tarixi, mədəniyyəti və təhsil və maarifçilik ənənələri ilə tanınan diyardır. Bu mühitdə böyümək insana tarixə, keçmişə və ictimai yaddaşa xüsusi münasibət aşılayır. Asif Əsgərlinin tarixə erkən yaşlarından maraq göstərməsində həm bu amillər, həm də atası Məmməd müəllimin ixtisasca tarixçi olması və ailənin zəngin kitabxanasında daim tarixi ədəbiyyətlar üzrə geniş fikir mübadiləsi aparılması ilə də əlaqələndirmək olar.

O, 1983-1993-cü illərdə Bərdə şəhər 4 nömrəli tam orta məktəbində təhsil alıb. Məktəb illəri Azərbaycanın tarixində mürəkkəb, dönüş dövrünə təsadüf etdi: xalq hərəkatının başlaması, müstəqilliyin bərpası, dövlət quruculuğunun ilk addımları və ölkənin üzləşdiyi çətinliklər o dövrün gəncləri üçün həyat məktəbi oldu. Belə bir mühitdə tarixə maraq yalnız dərsliklə məhdudlaşmır, insanı baş verənləri anlamağa və cəmiyyətdə öz yerini tapmağa sövq edir.

1992-1993-cü illərdə məktəblilərin tarix üzrə respublika fənn olimpiadasının qalibi olması Asif Əsgərlinin ilk önəmli uğuru sayıla bilər. Bu qələbə doğma rayonuna birincilik gətirdi, onun üçün isə özünə inam və daha geniş meydana çıxış qapısı oldu.

Tələbəlik illəri

1993-cü ildə Asif Əsgərli Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) "sosial idarəetmə və sosiologiya” fakültəsinə qəbul olur. Seçdiyi ixtisas təsadüfi deyildi. Sosiologiya cəmiyyətin quruluşunu, qruplararası münasibətləri və ictimai davranış qanunauyğunluqlarını öyrədir, idarəetmə isə dövləti, siyasi sistemi, institutları, resursları və insanları səmərəli yönləndirməyin yollarını. Bu iki sahənin birləşməsi gələcək təşkilatı rəhbəri, QHT lideri və hakimi partiyanın ali orqanın üzvü üçün mükəmməl baza oldu.
1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsinə yiyələn Asif Əsgərli tələbəlik illərində bu ali məktəbdə sovet dövrünün və eləcədə müstəqil respublikamızın məhşur dövlət və siyasət adamlarından, elm nəhənglərindən dərs almasını və onlarla səmimi ünsiyyətini bu gündə fəxrlə qeyd edir.
Bu münasibətlər göstərib ki, o, təhsil illərində yalnız dərs oxumayıb, tələbə mühitində də aktiv ictimai-siyasi fəaliyyətə qoşulub. Sonrakı illərin təcrübəsi də göstərir ki, nəzəri biliklə ictimai təcrübənin bu birləşməsi onun peşəkar yolunun əsas xüsusiyyətinə çevrilib.

ADTGT-nin yaranması və qurucular sırasında

1993-cü ildən başlayaraq ölkədə müstəqil və leqal gənclər təşkilatları yaranmağa başladı. Bu, müstəqilliyin ilk illərində gənclərin təşkilatlanmasına tələbatın yarandığı dövrdür. Həmin vaxt gənclər təşkilatları yeni-yeni formalaşırdı, vətəndaş cəmiyyəti institutlarının hüquqi və təşkilati çərçivəsi qurulurdu, gənclər isə yeni dövrdə öz yerini axtarırdı. Bu fonda Asif Əsgərli və digər tələbə həmkarları 1994-cü ildə Təşkilat Komitəsi yaradaraq yeni bir ictimai birlik təsis edib gəncləri onun ətrafında toplmağı hədəflədilər.
Bakının əksər ali məktəb tələbələrinin iştirakı ilə 1995-ci ilin yanvarın 5-də Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) təsis edildi və Asif Əsgərli quruculardan biri kimi qurumun ilk İdarə Heyətinə üzv seçildi. Qısa müddətdən sonar ADTGT-nin sədr müavini kimi çalışıb, təşkilatın ilk və çətin mərhələsində onun formalaşması və gənclər sektorunda yerini tutmasına öz layiqli töhfəsini verdi. Asif Əsgərlinin bu mərhələdəki rolu onun sonrakı rəhbərliyi dönəmi üçün də təməl oldu.

Gənclər təşkilatında ilk rəhbərlik dövrü

1999-cu ildə Asif Əsgərli ADTGT-nin sədri seçilib və ilk dönəmdə bu vəzifəni 2005-ci ilə qədər daşıyıb. Gənc yaşında təşkilata rəhbərlik etmək böyük məsuliyyət tələb edirdi. 1999-2005-ci illər Azərbaycanda vətəndaş cəmiyyətinin institusional olaraq formalaşdığı, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndiyi, ölkənin Avropa strukturlarına inteqrasiya yolunda addımlar atdığı dövrdür. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu və bu proses gənclər təşkilatları üçün Avropa platformalarına çıxış imkanlarını artırdı.
A. Əsgərlinin rəhbərliyi altında ADTGT 84 beynəlxalq və milli layihə, 100-lərlə tədbir, aksiya və gənclər üçün müxtəlif fəaliyyətlər həyata keçirdi ki, burada maarifləndirici işlərlə yanaşı bu günə qədər də qalıcılığı və faydalılığı ilə seçilən çoxsaylı infrastruktur yaradılmasını da qeyd etmək lazımdır.
Onun Azərbaycanın əcnəbi dostları şəbəkəsinin qurulmasındakı xidmətləri, ölkəmizin və onun inkişafının xarici auditoriyalarda təbliği və beynəlxalq ictimai dəstəyin qazandırlması sahəsində rolunu bu gün də rəsmi qurumlar təsdiq edirlər.

Milli QHT Forumu: vətəndaş cəmiyyəti sektorunun birləşdirilməsi

Asif Əsgərlinin fəaliyyəti yalnız gənclər işi sahəsi ilə məhdudlaşmayıb. 1999-cu ildə Azərbaycanda yüzlərlə QHT-nin birləşdiyi Milli QHT Forumu yaradılarkən o, təsisçilər sırasında olub və ilk İdarə Heyətinin üzvü seçilib. Sonralar bir müddət bu konfederativ qurumun vitse-prezidenti vəzifəsini də daşıyıb.
Bu fakt iki baxımdan əhəmiyyətlidir. Birincisi, gənc rəhbərin yalnız öz təşkilatı çərçivəsində deyil, ümumi vətəndaş cəmiyyəti sektoru miqyasında düşünməyə və təşkilati bağlar qurmağa hazır olduğunu göstərir. İkincisi, QHT sektorunun idarəetmə təcrübəsini, problemlərini və imkanlarını daxildən bilməsi onun sonrakı çıxışlarına və təkliflərinə əsaslılıq qazandırır.

Gənclər Təşkilatları Milli Şurası: ümummilli gənclər platforması

2001-2004-cü illərdə Asif Əsgərli ölkə gənclərinin milli platforması sayılan AR Gənclər Təşkilatları Milli Şurasının sədr müavini olub. ADTGT-nin də qurucularından biri olduğu Gənclər Təşkilatları Milli Şurası müxtəlif istiqamətli gənclər təşkilatlarını bir çətir altında toplayır, gənclərin ortaq səsini formalaşdırır və dövlət qurumları ilə, eləcə də beynəlxalq gənclər təşkilatları ilə əlaqələndirici rol oynayır.
Burada onun rolu iki səviyyədə olub: gənclər təşkilatının sədri kimi öz qurumunun maraqlarını təmsil etməklə yanaşı, ümumilikdə gənclər hərəkatının koordinasiyasına da töhfə verib. Bu, onun gənclər siyasətini təkcə bir təşkilatın deyil, bütün sektorun işi kimi görməsinin göstəricisidir.

2003: Strasburqda Avropa mükafatı

Asif Əsgərlinin rəhbərliyi dövrünün ən parlaq nailiyyətlərindən biri 2003-cü ildə qazanıldı. ADTGT Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə və birinci QHT olaraq, Avropa Şurasının "Avropanın Fəal Gənc Vətəndaşı” mükafatına layiq görüldü. Mükafatı o dövrün Avropa Şurasının Baş katibi Volter Şvimmer Strasburqda təqdim etdi.
Bu hadisənin əhəmiyyəti təkcə təşkilat üçün deyil. Birincisi, bir Azərbaycan QHT-sinin fəaliyyəti Avropa səviyyəsində qiymətləndirildi. İkincisi, Cənubi Qafqazda ilk dəfə belə bir tanınma qazanmaq region miqyasında nümunə yaratdı. Üçüncüsü, həmin tədbir Azərbaycanın vətəndaş cəmiyyəti və gənclər potensialı haqqında Avropa auditoriyasında müsbət təəssürat yaratdı, yəni gənclər diplomatiyası baxımından da faydalı oldu.
Passiv seçki hüququndan istifadə cəhdi
Gənc ictimai lider kimi A.Əsgərli 2005-ci ildə ilk passv seçki hüququndan istifadə etmək qərarına gəlir və doğulub-böyüdüyü rayondan, 94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyini irəli sürür. DSK üzrə ilk qeydə alınan namizəd olaraq A.Əsgərli komandası ilə təbliğat-təşviqat prossesinə qatılır.
Lakin kampaniyanın ilk günlərində keçirdiyi ağır avtomobil qəzası, ona prossesi axıra qədər aparmağa fiziki olaraq imkan vermir və o, mübarizəni dayandırmalı olur.

Zabit mundirində Vətən borcu

2005-2007-ci illərdə Asif Əsgərli zabit kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub və Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Gənclər təşkilatının uzun illər sədri olmuş şəxsin hərbi xidmətə getməsi bir ibrət nümunəsidir. Gənclərə Vtənpərvərlik və vətəndaşlıq borcundan danışan insanın bu borcu şəxsi nümunə ilə göstərməsi sözlə əməlin vəhdətinə misaldır.

2007-ci ildən: yenidən sədr

2008-ci ildə Asif Əsgərli yenidən ADTGT-nin sədri seçilib və bu gün də təşkilata rəhbərlik edir. Təşkilatın rəhbərliyinə qayıdışı onun gənclər arasında və təşkilat daxilində bacarıq və etimadının göstəricisidir.
Bu dövr ərzində gənclər mühiti köklü şəkildə dəyişib: gənclər üçün yeni çağırışlar, rəqəmsal texnologiyalar, sosial şəbəkələr, yeni kommunikasiya formaları, təhsilin və əmək bazarının yeni tələbləri gənclərlə işin üsullarını da yenidən düşünməyi tələb edib.
Bu əsnada A.Əsgərlinin rəhbərliyi altında ADTGT son 18 ildə gənclər üçün daha yeni və kreativ layihə və proqramlara imza atmış, təşkilatın əhatə və fəaliyyət dairəsini ölkənin, onun gənclər işinin və vətəndaş cəmiyyətinin inkişaf prioritetlərinə uyğun qurmuşdur.

Siyasətdə səsi: YAP-da sıravi üzvlükdən İdarə Heyətində təmsilçiyə qədər

Təpədən-dırnağa qədər Ümummilli Lider Heydər Əliyev ideyalarına, siyasi irsinə, onun dövlətçilik məfkurəsinə bağlı olan Asif Əsgərli öz siyasi tərəfini də təbii ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmaqla rəsmiləşdirmişdir.
A.Əsgərli bu avanqard siyasi qüvvənin sıravi üzvü kimi öz fəaliyyətini məhdudlaşdırmamış, hər zaman partiya işinə öz aktivliyi ilə rəng qatmışdır. Məhz bunun parlaq nəticəsi olaraq, 2021-ci ildə keçirilən VII Qurultayda A.Əsgərli partiya sədrinin təqdimatı və nümayəndələrin səs çoxluğu ilə YAP İdarə Heyətinin üzvü seçilmişdir.
Hakim partiyanın ali orqanın təmsilçisi kimi bu 5 il ərzində A.Əsgərli siyasi fəaliyyətini daha da aktiv və çevik məcraya keçirmiş, milli və partiya səviyyəsində siyasi addım və fəaliyyətlərdə öz bilik və bacarığını göstərə bilmişdir.
Bunun nəticəsi olaraq, bu il – 2026-cı il oktyabrın 2-də keçirilən möhtəşəm VIII Qurultayda A.Əsgərliyə partiya sədri yenidən etimad göstərmiş, cənab İlham Əliyevin təqdimatı və Qurultay təmsilçilərinin səsverməsi ilə təkrar olaraq YAP İdarə Heyətinin üzvü seçilmişdir.
Partiya rəhbərliyinin və YAP üzvlərinin bu dalba-dal dəstəyi A.Əsgərlidə yeni inam və intiziuazm hissləri yaradır və onun siyasi fəaliyyətini daha məsuliyyətli davam etdirməsini stimullaşdırır.

Analitik və elmi-pedaqoji fəaliyyət

Asif Əsgərli təşkilatçılıq, idarəetmə, siyasi fəaliyyətlə yanaşı, analitik və elmi-pedaqoji fəaliyyətlə də məşğul olub. 25 ildən artıq müddətdə o, fəaliyyət areallarına və eləcədə dövlətin, cəmiyyətin və beynəlxalq aləmin aktual mövzularına uyğun məqalələr və yazılarla çıxış edib, televiziyada və digər KİV resurslarında peşəkar və intellektual mövqe nümayiş etdirib. Onun sosioloji-politoloji və idarəetmə təhsili, uzun illər təşkilat rəhbərliyi təcrübəsi və siyasi proseslərə yaxınlıq ona analitik yazılarda və çıxışlarda geniş baxış bucağı verir.
Onun mövqeyinin özəlliyi təcrübə ilə nəzəriyyənin birləşməsindədir. O, gənclərlə işin real problemlərini, siyasi proseslərin axarını içəridən bilir, eyni zamanda onları ümumi ictimai-siyasi kontekstdə təhlil etməyə çalışır.
Aldığı mükəmməl baza təhsilinə və elmi araşdırma işinə arxalanaraq, A.Əsgərli 25 ildir müxtəlif dövlət və özəl ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə də məşğul olur və öz bilik, bacarıq və təcrübəsini tələbələri ilə sevə-sevə bölüşür.

Beynəlxalq arenada Azərbaycanın səsi

A.Əsgərlinin fəaliyyətinin mühüm istiqaməti ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Gənclər diplomatiyası, beynəlxalq QHT əməkdaşlığı və şəxsi əlaqələr bu sahədə ən təsirli vasitələrdir. Çünki xarici üçün ölkənin ən canlı təsviri onun gəncinin dilindən çıxan sözlərdir.
Onun "Şuşaya Azadlıq” və "Dağlıq Qarabağ həqiqətləri Avropa auditoriyasının gözündə” beynəlxalq kampaniyalarının koordinatoru kimi Belçika, Serbiya, Bosniya və Hersoqovina, Polşa, Bolqarıstan, Finlandiya, Latviya, Türkiyə və Gürcüstanda keçirdiyi və təqdimatla çıxış etdiyi tədbirlər xarici arenada ölkəmizin ədalətli mövqeyinə beynəlxalq ictimai dəstəyin qazandırılması istiqamətində əhəmiyyətli rol oynamışdır.
A.Əsgərli əcnəbi auditoriyalarda ölkəmizin monolit gənclər siyasəti, gender bərabərliyi, media savadlılığı, dayanıqlı inkişaf və vətəndaş cəmiyyətinin rolu kimi mövzular üzrə requlyar çıxış və müzakirələr aparıb, davamlı əməkdaşlıq və tərəfdaşlıq şəbəkələrinin qurulmasına öz töhfəsini vermişdir. Belə platformalar Azərbaycan təcrübəsini birbaşa və rəsmi diplomatik kanallardan kənarda çatdırmaq baxımında geniş imkanlar yaradır.

Gənclər siyasətinə baxış: dayanıqlılıq və vətəndaş məsuliyyəti

Asif Əsgərlinin fəaliyyətinin əsas ideyalarından biri gənclər siyasətinin dayanıqlı olmasıdır. Bu, gənclərlə işin kampaniya xarakterli yox, sistemli, ardıcıl və nəticəyönümlü qurulması deməkdir. Gənc yalnız tədbirin iştirakçısı deyil, qərar prossesinin tərəfdaşı olmalıdır. Təhsil, könüllülük, fəal iştirak, media savadlılığı, liderlik bacarıqları və vətəndaş məsuliyyəti bu yanaşmanın tərkib hissələridir.
Bu baxışın bir təməli də dövlətlə cəmiyyət arasında əməkdaşlıq ideyasıdır. Gənclər təşkilatları dövlət gənclər siyasətinin icrasında tərəfdaş, gənclərin ehtiyaclarını isə dövlətə çatdıran körpü rolunu oynaya bilər. Uzun illər ərzində bu körpünün möhkəm və dayanıqlı saxlanılması onun fəaliyyətinin əsas xətlərindən biridir.

Dövlətin qiyməti

Asif Əsgərlinin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən Azərbaycanda gənclər hərəkatının formalaşması və gənclərlə iş sahəsində səmərəli xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
2024-cü ildə isə A.Əsgərli aktiv siyasi fəaliyyətinə görə "Heydər Əliyevin 100 illiyi” Yubiley medalına layiq görülüb. Bu təltiflər onun fəaliyyətinin iki əsas istiqamətini - gənclər işi və siyasi xidmətləri əks etdirir.

Ailə portreti

A.Əsgərli gənclər hərəkatında öz yorulmaz silahdaşı və ictimai fəal olan Gülnarə Bağırova ilə sevib ailə quran və 26 il bu sağlam və monolit ailə portretini ömür gün yoldaşı ilə bərabər şərəflə və məsuliyyətlə daşıyan nümunəvi cütlüklərdəndilər.
Həyat və yol yoldaşı olan G.Bağırova bu gün ictimai aktivliyi, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı 2 gözəl və ağıllı övlad böyüdən, onlara kamil tərbiyə, mükəmməl təhsil və geniş dünyagörüş verən qayğıkeş ana funksiyasını da layiqincə yerinə yetirməkdədir.
Hər zaman A.Əsgərli ilə ciyin-ciyinə addımlayan G.Bağırova bu gün də ona bilik, bacarıq və təcrübəsi ilə dəstək verməkdə və xanım QHT fəalı kimi cəmiyyətin və dövlətin inkişafına xidmət etməkdədir.
Bu sağlam dəyərlərin hakim olduğu ailədə böyüyən 2 gənc – Hüseyn və Emin Əsgərlilər xarici ölkədə ingilis dilində tibb təhsili almaqdadırlar və gələcəkdə ölkəmizə peşəkar həkim kimi qayıdıb xidmət etməyi hədəfləyiblər.

Bu yubiley münasibətilə Asif Əsgərliyə möhkəm cansağlığı, ailə səadəti, yeni uğurlar və gənclərlə birgə işlərində və peşəkar siyasi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.

Taleh Şahsuvarlı
AzNews.az analitik-informasiya
portalının baş redaktoru

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ