RU
Günəşin dərinliklərində nəhəng gümüş ehtiyatları aşkarlanıb
11:15
28

Günəşin dərinliklərində nəhəng gümüş ehtiyatları aşkarlanıb

Astrofiziklər müəyyən ediblər ki, Günəşin daxilində əvvəlki ölçmələrin göstərdiyindən 55 faiz daha çox gümüş var.

7News.Az İsveçin Uppsala Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu kəşf Günəşin daxilində və Günəş sisteminin ilkin maddəsində gümüşün miqdarı ilə bağlı uzun illər davam edən mübahisəni həll edir.

"Əvvəlki tədqiqatlarda Günəş maddəsində bu metalın konsentrasiyası 4.6 milyard il əvvəl eyni qaz və toz buludundan yaranmış ilkin meteoritlərdəki gümüş payından xeyli aşağı göstərilirdi", - məlumatda qeyd olunub.

Alimlər Günəşin daxili quruluşunu dəqiq təsvir edən üçölçülü model hazırlayıblar. Bu model ulduzun müxtəlif qatlarında elementlərin, o cümlədən yaranması və kainatda toplanması hələ də müzakirə mövzusu olan gümüşün miqdarını müəyyən etməyə imkan verir.

Onun əsasında astrofiziklər Günəşin yuxarı və aşağı qatlarında fərqli miqdarda gümüş olduğu halda onun şüalanma spektrinin necə görünəcəyini hesablayıblar. Hesablamaların nəticələri real Günəş spektri ilə müqayisə edilib və bu, alimlərə Günəşin daxilindəki gümüş miqdarını müəyyən etməyə imkan verib.

Məlum olub ki, Günəşdəki gümüş konsentrasiyası əvvəlki ölçmələrdən təxminən 55 faiz yüksəkdir. Bu isə qədim xondrit meteoritlərində və Günəşin dərin qatlarında olan gümüş miqdarını faktiki olaraq eyniləşdirib.

Alimlərin sözlərinə görə, oxşar üsulla digər ulduzların daxilindəki gümüş miqdarını da ölçmək mümkündür. Bu, müxtəlifölçülü ulduzlarda bu metalın konsentrasiyasındakı kəskin fərqlərin səbəbini və gümüşün ulduzların kimyəvi təkamülü nəticəsində kainatda nə qədər sürətlə toplandığını anlamağa kömək edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ