Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağışın səbəb olduğu sel faciəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Sis Dağı ərazisində baş verib. Qəfil başlayan leysan yağışdan sonra Zıva çayında suyun səviyyəsi sürətlə yüksəlib. Həmin vaxt çay kənarında piknik edən Kırca ailəsi sel sularının arasında qalıb.
İlkin məlumata görə, ailənin başçısı Mehmet Kırca sel sularına düşüb. Həyat yoldaşı Zekiye Kırca qızları Burcu və Burçin onu xilas etmək üçün suya giriblər. Mehmet Kırca öz imkanları ilə sahilə çıxmağı bacarsa da, həyat yoldaşı və iki qızı sel sularına qapılaraq gözdən itib.
Hadisədən sonra əraziyə AFAD, polis və kənd sakinlərindən ibarət təxminən 80 nəfərlik axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarışlar həm havadan, həm də qurudan aparılıb.
İlk olaraq Burcu Kırcanın cansız bədəni aşkarlanıb. Daha sonra digər qızı Burçin Kırcanın cəsədi hadisə yerindən təxminən 25 kilometr uzaqda tapılıb. Ana Zekiye Kırcanın da həyatını itirdiyi müəyyənləşdirilib.
Faciə zamanı həyat yoldaşını və iki qızını itirən Mehmet Kırcanın sözləri isə ürəkdağlayıb.
"Qızlarım evimi görməyə gəlmişdilər. Dünən gəldilər, bu gün getdilər. 20 ildir gəlməmişdilər. Zekiye, uşaqlarını götürüb getdin, məni tək qoydun. Burçin qızım, sənə ev tikmişdim. ‘Evin gözəl olub, burada qalacağam’ deyirdin...” – deyə acılı ata bildirib.










