Ən yeni tarixin demək olar bütün mərhələlərində Heydər Əliyevə qarşı ədalətsizliklər, qısqanclıqlar, haqsızlıqlar baş verib və bəlli, məkrli qüvvələr onun müdrikliyini, istedadını, uğurlarını həzm edə bilmədikləri üçün hər cür namərd üsullarla, ağlasığmaz fitnə və riyakarlıqlarla Ulu Öndərin önünü kəsməyə, ona ziyan yetirməyə çalışıblar. Bu, 1969-dan 1982-yə qədər olan dövrdə də belə olub, onun SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu zamanlarda da, 1993-cü ildə xalqın tələbi ilə reallaşan növbəti qayıdışdan sonra da...
Bu sözləri bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən sonuncu iclasında deputat, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
14 iyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar fikirlərini bölüşən millət vəkili daha sonra bunları qeyd edib:
"Nə təəssüf ki, Heydər Əliyevə məqsədli şəkildə, xüsusi tapşırıq əsasında pislik etmək istəyənlərin bir qismi zaman - zaman həm də bu parlamentdə oturub. Bəli. Bir vaxtlar bəzi siyasi quldurlar, hansısa dairələrin nökərləri Ulu Öndərin Parlamentdə hətta nitq söyləməsini belə hər vəchlə əngəlləməyə çalışıblar, o danışanda səs-küy salıblar, çıxış edəndə ayaqlarını yerə döyəcləyiblər.
Amma və lakin! Hardadır indi onlar? Xəbər varmı, həmin nankorlardan, simasızlardan? Xeyr! Yoxdur. Olmayacaq da. Çünki, Tanrının və zamanın hökmü çox ədalətlidir. Elə ədalətli olduğu üçün də həmin riyakarlar, bədxahlar, yaramaz ünsürlər, ən nəhayət: yerə döyəclənən murdar və çirkin ayaqların yiyələri bu gün qarışqa izi ilə belə tarixdə qala bilməyiblər.
Heydər Əliyevsə milyonların qəlbində özünə ömürlük taxt qurub!”
Elşən Musayev daha sonra vurğulayıb:
"Dəyərli həmkarlar! Hər zaman söylədiyim fikri bu gün bir daha təkrar etmək istəyirəm: Ən çətin, ən lazımlı, ən vacib dönəmlərdə Heydər Əliyevə dəstək olanların mərdliyini, "91- lər”in siyahısına imza atanların cəsarətini, Arif Rəhimzadə, Yaşar Əliyev, Eldar İbrahimov, Fəttah Heydərov kimi kişilərin əməyini və zəhmətini biz tarixin heç bir dönəmində əsla və əsla unutmamalıyıq.
Çünki onlar Heydər Əliyevlə bərabər Azərbaycanı, dövlətin və dövlətçiliyin dünənini, bu gününü, sabahını qoruyublar.
Heydər Əliyev yolu müqəddəs yoldur.
Tanrı bizi bu yolda heç bir zaman utandırmasın.
Tanrı Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin gücünə daim güc qatsın və bütün vicdanlı, ləyaqətli, vətənsevər insanların dayağında dursun.








