Hindistanın Namçi rayonunda tikilməkdə olan tunelin çökməsi nəticəsində həlak olanların sayı 8-ə çatıb.
Bu barədə Sikkim ştatının baş naziri Prem Sinq Tamang məlumat verib.
Məlumata görə, Namçi rayonunun Jholungey bölgəsində yerləşən NHPC Teesta Stage VI Su Elektrik Layihəsinə aid tunel sürüşmə nəticəsində çöküb.
Baş nazir Narendra Modi Sikkim rəhbəri ilə telefon danışığı apararaq xilasetmə əməliyyatlarının gedişi ilə maraqlanıb və Hindistan hökuməti tərəfindən bütün zəruri dəstəyin göstəriləcəyini bildirib.
Hadisə zamanı təxminən 27 işçi tikilməkdə olan tuneldə köməksiz vəziyyətdə qalıb. Xilasetmə əməliyyatları tuneldə toplanan qaz səbəbindən çətinləşib. Bildirilir ki, xilasetmə qruplarının bəzi üzvləri tunelə daxil olarkən başgicəllənmə keçirib və huşunu itirib.
İlkin ehtimallara görə, qaz sürüşmə nəticəsində yeraltı geoloji layların zədələnməsi səbəbindən tunelə sızıb. Xilasetmə işləri davam etdirilir.








