Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsinə endirdiyi zərbə nəticəsində 11 mülki şəxs yaralanıb.
"Arab News” xəbər verir ki, koalisiyanın Birgə Qüvvələr Komandanlığının məlumatına görə, husilər tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 7 Səudiyyə Ərəbistanı vətəndaşı, 1 yəmənli, 2 misirli və 1 Pakistan vətəndaşı xəsarət alıb.
Yaralanan Səudiyyə Ərəbistanı vətəndaşları arasında bir qadın və ikinci dərəcəli yanıq xəsarətləri alan dörd yaşlı uşaq da var.
Nəcran istiqamətindəki hücumdan bir neçə saat əvvəl husilər Yəmənin Mərib və Hədrəməut əyalətlərində hökumət qüvvələrinin hərbi düşərgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Yerli mənbələrə istinadən bildirilir ki, həmin hücumlar nəticəsində azı 58 hökumət hərbçisi həlak olub, onlarla hərbçi yaralanıb. Bu, 2022-ci ildən bəri Yəmən hökumət qüvvələrinə qarşı həyata keçirilən ən ölümcül hücum hesab olunur.








