RU
lombard
İlham Əliyev Naxçıvanda
20:44
983

İlham Əliyev Naxçıvanda

Prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dekabrın 1-də muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

layihənin baş planı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib. 2010-cu ilin mayında başlayan tikinti işləri yüksək səviyyədə yerinə yetirilib. Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

Qeyd edildi ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.

Sonra Prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verildi. Bildirildi ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basdılar.

Daha sonra Prezident İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssislərinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Prezident İlham Əliyevin də xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi ilk növbədə əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Təbii ki, bu cür müəssisələrin yaradılması həm də Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir. Belə müəssisələr biri də muxtar respublikanın Kəngərli rayonunda inşa olunub.

Dövlətimizin başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, istehsal olunan məhsulların laborator müayinələri burada aparılacaq. Müasir avadanlıqların quraşdırıldığı laboratoriyada yüksək ixtisaslı kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait var.

Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaq. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.

Sonra Prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.

Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.

Gips zavodunda istifadə olunacaq xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə ediləcək. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.

Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda təlabat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.

Sonda dövlətimizin başçısı müəssisəni işə saldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də həmçinin Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

Qeyd edildi ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı “Xal-xal” yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətləri çəkilib. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub. Stansiyanın 5 ayrı-ayrı ərazilərdə yerləşən qurğuları hasara alınıb, burada siqnalizasiya və videomüşahidə qurğuları quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşdü.

Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verdi.

Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basdı.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ