RU
İrandakı rejim 16 yaşlı azərbaycanlı Əsranı da öldürdü
15:10
63

İrandakı rejim 16 yaşlı azərbaycanlı Əsranı da öldürdü

Ərdəbilin "Şahid" orta məktəbinin qız şagirdi Əsra Pənahi Xangahın oktyabrın 13-də vəhşicəsinə, döyülərək qətlə yetirilib.

Qətlin təfərrüatları, bununla bağlı araşdırma aparılıb-aparılmadığı barədə heç bir rəsmi açıqlama verilməyib.

İranda 22 yaşlı Məhisa Əminin küçədə Əxlaq Polisi əməkdaşları tərəfindən tutulması və polis idarəsinə vəhşicəsinə döyülməsi nəticəsində keçinməsindən sonra ölkədə başlamış kütləvi etiraz aksiyaları səngimir.

Artıq təsdiqlənmiş məlumatlara görə, lisey şagirdləri həyətə çıxarılaraq düzüləndən sonra onlara İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneini vəsf edən "Salam, Fərmande" mahnısının oxunması əmr olunub.

Əsra bu mahnını oxumaqdan boyun qaçırıb.

Hadisə yerinə çağırılmış əxlaq polisləri 16 yaşlı azərbaycanlı qızı amansızlıqla döyüblər.



Əsra Pənahi Xangah xəstəxanaya aparılıb və orada keçinib.

İran Müəllimlərin Həmkarlar Təşkilatlarının Koordinasiya Şurası olayla bağlı olaraq bəyanat yayaraq təhsil naziri Yusif Nurinin təcili istefasını tələb edib.

Şura bəyan edib ki, Əxlaq Polisinin əməkdaşları mülki geyimdə Ərdəbillə yanaşı, Urmiyə və Rəşt şəhərlərində də liseylərə, məktəblərə hücum edərək şagirdlərə divan tuturlar.

İranın rəsmi qurumları Əsranın ölümü ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.

Sadəcə, dövlət telekanallarından biri Əsranın "əmisi" kimi təqdim olunan şəxsin "qardaşım qızında anadangəlmə ürək çatışmazlığı vardı, bu səbəbdən vəfat edib" açıqlamasını yayıb.

İrandakı mollakratiya rejimi 22 yaşlı Məsihə Əmini və 16 yaşlı Əsra Pənahi Xangahla yanaşı, 17 yaşlı Nika Şəkaraminin və 16 yaşlı Sərinə İsmayılzadənin də qətlində suçlanır.

Sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan "İrşad" patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub. Sentyabrın 17-də onun doğulduğu Sakkız kəndində dəfnindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb. İran dövlət televiziyası sentyabrın 24-də nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

İranın İnsan Haqları Fəalları Agentliyi (HRANA) isə dünən dərc etdiyi hesabatda 17 sentyabr-14 oktyabr tarixləri arasında 32 uşaq və 26 mühafizəçi olmaqla 233 nəfərin həyatını itirdiyi məlumatını yayıb.


Xatırladaq ki, İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Ərdəbilin "Şahid" orta məktəbinin qız şagirdi Əsra Pənahi Xanqahın oktyabrın 13-də öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb.

O, Ərdəbil əyalətinin İran parlamentindəki təmsilçis Kazım Musəvinin çıxışına münasibət bildirib və onu xalqın deyil, hakimiyyətin maraqlarına xidmət etdiyini deyib. Əli Dayi yeniyetmə məktəblinin ölümü ilə bağlı İran mediası və rəsmilərinin ziddiyyətli məlumatlarına toxunaraq, onların bir-birini təkzib etdiklərini söyləyib.

"Mən doğulduğum torpaqdan aldığım etibarlı xəbərlərin doğruluğuna inanmasam, yaymaram. Əsra Pənahi Xanqah öldürülüb. Bununla bağlı faktlar var",- deyə sonda o, vurulayıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ