Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi ilə əlaqədar "İrəli” İctimai Birliyinin cari il üçün fəaliyyət planı təsdiqlənib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Mirhəsən Seyidov və təşkilati heyət "İrəli”nin fəal üzvləri ilə görüşüb.
Görüşdə İctimai Birliyin 2020-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı, həmçinin "Könüllülər ili” ilə əlaqədar atıla biləcək addımlar müzakirə olunub. Birliyin sədri Mirhəsən Seyidov Azərbaycan Prezidentinin bu ilin "Könüllülər ili” elan edilməsi barədə Sərəncamını gənclərin böyük sevinc hissi ilə qarşıladıqlarını, bunun ölkə gəncliyinə göstərilən böyük diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, onların səsləndirdikləri fikirlər qeydə alınıb. Eyni zamanda, gənclərin təşəbbüs və təklifləri dinlənilərək, cari il üçün nəzərdə tutulan tədbirlər planına əlavə edilib.
Qeyd edək ki, "İrəli” İctimai Birliyi gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üçün üzvlər və gənc könüllülər ilə bu cür görüşləri mütəmadi olaraq keçirir və gənclərin təşəbbüslərinin dinlənilməsinə, onlara dəstək göstərilməsinə xüsusi diqqət ayırır.



7News.Az








