RU
Köçkünlərin qazı, suyu, işığı nə vaxtdan kəsiləcək? - Müvafiq qurumlar zamanı açıqladı
14:56
531

Köçkünlərin qazı, suyu, işığı nə vaxtdan kəsiləcək? - Müvafiq qurumlar zamanı açıqladı

Ötən gün Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kommunal xidmətlər üzrə müvafiq qurumlara (Azərşıq, Azərqaz, Azərsu) müraciət edərək bildirib ki, bu şəxslərin aylıq müavinət ödənişləri gecikə bilər. Bu səbəbdən tapşırılıb ki, müavinət ödənilməmiş məcburi köçkünlərə hələlik müraciət edilməsin. Bəs görəsən, müvafiq qurumlar bu müraciətlə əlaqədar hansı addımı atmağı planlaşdırır?

"Azəriqaz İstehsalat Birliyi” Açıq Səhmdar Cəmiyyəti (ASC) verilən təlimata uyğun olaraq artıq bir neçə gündür ki, müvafiq işlərə başlayıb.

Bu haqda qurumun mətbuat katibi İbrahim Kərbalayev açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda paytaxtın müxtəlif ərazilərində sayğacların quraşdırılması prosesinə start verilib: "Hazırda Bakının qəsəbə və rayonlarında, o cümlədən də müxtəlif düşərgə, yataqxana, uşaq bağçalarında, Suraxanı, Xəzər, Qaradağ, Nərimanov rayonlarında, Hövsan qəsəbəsində, Sumqayıt şəhərində sayğaclar quraşdırılır. Fətəli Xan Xoyski küçəsində yataqxanada yerləşən qaçqınlar üçün 90-dan artıq sayğac quraşdırılıb. Hər bir məcburi köçkün ailəsi üçün fərdi qaydada sayğaclar quraşdırılır. Yaxın zamanlarda sayğacların quraşdırılması prosesi başa çatdırılacaq”.

İ.Kərbəlayevin sözlərinə görə, hələlik ki, məcburi köçkün və qaçqınlar öncəki üsulla mavi qazdan istifadə edirlər.  Onların mənzillərinə verilən qaz təchizatı dayandırılmayıb. 
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının Cebhe.info-ya açıqlamasına görə, borclarla bağlı fevral ayından etibarən bildirişlər göndəriləcək: "Yanvarın hesabatı fevralda hazır olduğu üçün bildirişlər də məhz növbəti aydan veriləcək. Heç bir problem yoxdur, təlimata uyğun addım atacağıq. Heç kəsin suyunu kəsməyəcəyik”.

"Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev  məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırıması işlərinin qısa müddətdə  başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədi ilə tapşırıqlar verildiyini deyib: "Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar olaraq "Azərişıq” ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilib. Smart kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilmiş 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb”.

T.Mustafayev qeyd edib ki, məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair qurumun aidiyyatı strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib: "Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb”.

Qeyd edək ki, Azərbaycan Republikası Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə "Azərişıq”, "Azərsu”, "Azəriqaz İsehsalat Birliyi” ASC artıq müvafiq işlərə başlayıb. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ