RU
lombard
Keçmiş nazirin adı hallanan cinayət işi ilə bağlı YENİ QƏRAR — VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİ
15:49
100

Keçmiş nazirin adı hallanan cinayət işi ilə bağlı YENİ QƏRAR — VƏZİFƏLİ ŞƏXSLƏRİN İŞİ

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında direktor vəzifəsində işləmiş Məhəmməd Əliyev, direktor müavini Nurbala Süleymanov, əlavə təhsil üzrə direktor müavini Əmirağa Şixməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


7news.az xəbər verir ki, Məhəmməd Əliyev 2001-ci ilin avqustundan direktoru olduğu institutun filialına qəbulla əlaqədar olaraq müraciət edən Quba rayonu, Bağbanlı kənd sakini Nuru Əliyarovun gəlini Mirvari Əliyarovanın institut filialının qiyabi təhsilə qanunsuz qəbul olunmasına, yəni dərslərdə və sessiyalarda iştirak etmədən imtahanlarda müvəffəq qiymət yazılmasına görə ilkin olaraq 1000 manat, beş illik təhsil müddəti üçün isə hər il üçün təhsil haqqı kimi 240 manat alıb.


Direktordan diplom tələbi


Təhsil müddəti bitdikdən sonra Mirvari Əliyarova təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsini Məhəmməd Əliyevdən tələb edib. O, direktoru olduğu institutda yer olmadığı üçün onun, yəni Əliyarovanın başqa ali təhsil müəssisəsinə köçürüldüyünü bildirib.


Bununla da o, qanunsuz hazırlanmış, guya Müəllimlər İnstitutunun Qazax filialında təhsil almaqla oranı riyaziyyat-informatika ixtisası üzrə tam kursu 2004-cü ildə bitirməsi barədə saxta diplomu 2006-cı ildə Əliyarovaya təqdim edib.


İxtisasdəyişmə kursu adı ilə dələduzluq


Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2003-cü ildə institutda yenidən hazırlanma və ixtisasartırma (ixtisasdəyişmə) kursları fəaliyyət göstərmədiyi halda, həmin ilin sentyabrında onlara müraciət etmiş Siyəzən rayonu, Gilgilçay qəsəbə orta məktəbinin müəllimi Vüqar Məcidovdan kurslara qəbul olunması, lakin təhsil müddətində dərslərdə və sessiyalarda iştirak etmədiyi halda ona müvafiq qiymətlər yazılması barədə razılığa gəliblər.

 

Onlar bunun üçün Vüqar Məcidovdan 260 manat alıblar. Təhsil müddəti başa çatdıqdan sonra isə Məcidova guya Azərbaycan Dövlət Pedaqoji Universitetini riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə yalan məlumat olan 25 avqust 2004-cü il tarixli diplom təqdim ediblər.

 

800 manatlıq dələduzluq

 

Daha sonra Məhəmməd Əliyev, Nurbala Süleymanov, habelə Əmirağa Şıxəmmədov işlədikləri filialda yenidən hazırlanma və ixtisasdəyişmə kursu fəaliyyət göstərmədiyi halda, 2005-ci ilin yayında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qəbul olunmaq üçün müraciət etmiş Qusar şəhər sakini Alidə Bəkirovadan etibardan sui-istifadə etmə və aldatma yolu ilə 800 manat alıblar.

 

Faktiki olaraq hər hansı təhsil müəssisəsində təhsil almayan Alidə Bəkirovaya isə təhsil müddəti başa satdıqdan sonra guya özlərində müvafiq kurs açılmaması səbəbindən onun başqa instituta köçürüldüyünü bildirib, ona 2005-ci ilin iyun ayında guya Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının riyaziyyat-informatika ixtisası üzrə bitirməsi barədə saxta diplom verilib.

 

İki filial rəhbərinin birgə saxtakarlığı

 

İstintaq sənədlərinə görə, Məhəmməd Əliyev, Nurbala Süleymanov, həmçinin Əmirağa Şıxməmmədov qulluq mövqelərindən dəfələrlə təkrar sui-istifadə ediblər. Onlar Müəllimlər İnstitutu Quba filialında yenidən hazırlanma və ixtisas dəyişmə kursları fəaliyyət göstərmədiyi halda 2005-ci ilin yay aylarında məhz həmin kurslara qəbul olunması üçün müraciət edən Siyəzən şəhər sakini Zavər Səmədovdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə 500 manat pulunu ələ keçiriblər.

 

Zavər Səmədov dərs və sessiyalarda iştirak etmədiyi halda təhsil müddəti başa çatdıqdan sonra ona guya Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını 2005-ci ildə təhsil pedaqogikası və metodikası ixtisası üzrə bitirməsi barədə həmin ilin iyun ayında saxta diplom təqdim ediblər.

 

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov təkrarən cinayət əlaqəsinə girərək, işlədikləri təhsil müəssisəsində yenidən hazırlanma və ixtisasartırma kursları fəaliyyət göstərmədiyi dövrdə, yəni 2005-ci ilin iyulunda onlara məhz həmin kurslara qəbul olunmaq barədə müraciət edən Siyəzən rayonu, Gigilçay qəsəbə sakini Səmayə Məmmədovadan 550 manat alıblar.

 

Saxta diplomlu müəllimlər

 

Təhsil müddəti başa çatdıqdan sonra özlərinin işlədiyi filialda müvafiq kursların açılmaması adı ilə onun sənədlərinin İnstitutun Qazax filialına köçürüldüyünü Səmayə Məmmədovaya bildiriblər.

 

Səmayə Məmmədovanın guya Qazax filialında oxuması və kursu biologiya müəllimi ixtisası üzrə bitirməsi barədə ona saxta diplom təqdim edilib.

 

Bundan başqa, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2007-ci ilin əvvəllərində İnstituta qəbul olunmaq üçün onlara müraciət etmiş Quba rayonu, Susay kənd sakini Polad Piroğlanovdan yenidən hazırlanma və ixtisasdəyişmə kursuna (belə kurs fəaliyyət göstərmədiyi halda) qəbul olunmasına, dərslərdə və sessiyalarda iştirak etməməsinə baxmayaraq, müvəffəq qiymətlər yazılmasına və müvafiq sənəd verilməsinə görə ondan dələduzluq yolu ilə 2000 ABŞ dolları alıblar.

 

Təhsil müddəti başa çatan zaman İnstitutun Quba filialında kursların açılmadığını bildirirək, 2007-ci ilin axırlarında Polad Piroğlanovun guya Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil alması və orada 2007-ci ildə riyaziyyat-informatika ixtisası üzrə tam kursu bitirməsi barədə ona saxta diplom veriblər.

 

Daha sonra Məhəmməd Əliyev və Nurbala Süleymanov həmin ilin əvvəllərində instituta qəbul olunması üçün müraciət etmiş Quba rayonu, Əliməmmədov kənd sakini Elşən Feyzullayevdən İnstitutun filialında yenidən hazırlanma və ixtisasdəyişmə kursuna qanunsuz qəbul olunmasına 2000 ABŞ dolları alıblar.

 

Təqsirləndirilən şəxslər təhsil müddəti başa çatan zaman filialda ixtisasdəyişmə kurslarının açılmadığını əsas gətiriblər. Onlar Elşən Feyzullayevə onun guya Azərbaycan Muəllimlər İnstitutu Qazax filialında təhsil alması və oranı riyaziyyat-informatika müəllimi ixtisası üzrə itirməsi barədə 2007-ci ilin axırlarında saxta diplom veriblər.

 

Bundan əlavə, Məhəmməd Əliyev və Nurbala Süleymanov 2008-ci ilin avqustunda onlara müraciət edən Siyəzən şəhər sakini İlqar Məmmədovdan onun qohumu Bəkir Hüseynovun təhsil müəssisəsinin tələbələri sırasına qanunsuz qəbul olunması, orada oxumadığı halda təhsil müəssisəsini bitirməsi barədə sənəd verilməsi üçün 2500 manat alıblar.

 

İstintaq orqanın gəldiyi nəticə: Rüşvət alma...

 

Bəkir Hüseynov hər hansı təhsil müəssisəsində faktiki olaraq oxumadığı halda onun guya sonradan Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə, oradan isə Ağdam Dövlət Sosial İqtisad Kollecinə keçirilməsini əsas gətirilib.

 

Məhkumlar tərəfindən ona 2008-ci ilin sentyabrında guya Göyçay Kolleci Tərtər rayon filialının və Ağdam Kolleci yol-patrul fakultəsinin tələbəsi olması barədə ona 4 oktyabr 2007-ci və 15 sentyabr 2010-cu il tarixli saxta tələbə biletləri veriblər.

 

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

 

Məhkəmənin nəticəsi: Dələduzluq...

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 313-cü maddələri həmin məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə tövsüf edilib.

 

Məhkəmənin hökmü ilə Məhəmməd Əliyev və Nurbala Süleymanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib.

 

Həmçinin Məhəmməd Əliyev və Nurbala Süleymanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü, Əmirağa Şıxməmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirli biliniblər. Həmin maddələrlə nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara həmin maddələr üzrə cəza təyin edilməyib.


Qarşılıqlı şikayətlər


Hökmdən narazı qalan prokuror Ramin Nağdəliyev apelyasiya protesti verib. O, təqsirləndirilən şəxslərin barəsində olan hökmün ləğv edilməsini, onların cəzalarının ağırlaşdırılmasını istəyib.


Həmçinin təqsirləndirilən şəxslər də hökmdən narazı qalıblar. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.


Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti apelyasiya şikayəti və protestinə əsasən hökmü dəyişdirib. Qərara görə, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5, 320.1-ci (iştirakçılıq, Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələrinə tövsüf edilib. Həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara cəza təyin edilməyib.


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Kasasiya protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyasi prokurorun protestini təmin edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.


Hökm dəyişdirildi


Bu dəfə şikayətlərə hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Bir ilə yaxın davam edən məhkəmə araşdırıması bu günlərdə başa çatıb.


Hakim heyətinin sonda qəbul etdiyi qərara görə, Məhəmməd Əliyev və Nurbala Süleymanova aid hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.


Onların Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmələrinə dair müddəalar hökmdən xaric edilib. Təqsirləndirilən şəxslərin ittiham olunduqaları Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmələrinə dair hissələrdə cəza təyin edilməyib. Buna səbəb həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsas gətirilib.Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.


Prokurordan yenə etiraz


Sumqayıt Apelyasiya Məhkəməsinin sonuncu qərarından da prokuror narazı qalıb. Prokuror bununla bağlı kasasiya protesti verib. O, şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, hər üç təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün işin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.


Prokurorun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib. Hakim heyəti prokurorun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.


Sumqayıt Apelyasiya Məhkəməsində bu dəfə şikayətə hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə təqsirləndirilən şəxs qismində Məhəmməd Əliyev ifadə verib. O, elan olumuş ittihamlar üzrə özünü təqsirli bilməyib.


"Diplomlar nazirlikdə kompüter qeydiyyatından keçib”


Məhəmməd Əliyevin ifadəsinə görə, 2000-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına direktor vəzifəsinə təyin edilib, 2012-ci ilin oktyabr ayına qədər o, həmin vəzifədə işləyib. Bir sıra testdən kənar tələblərin ali məktəbə qəbul etdirilməsindən danışan Məhəmməd Əliyev daha sonra ifadəsində qeyd edib: "Diplomların saxta olması məsələsi ortaya çıxan zaman Azərbaycan Respublikası Təhsil Nazirliyi icra aparatının rəhbəri, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru ilə quda olan İlham Pirməmmədovun yanına getdim. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru diplomların göndərilməsini İlham Pirməmmədovdan istədim. Sonuncu da diplomları mənə göndərdi. Diplomlarda indeks kimi "YV” yazılmış, bu isə "yeni variant” mənasını verirdi. Bu ixtisasartırma kurslarında verilən diplomlar olub. İlham Pirməmmədov diplomlardakı nömrələrin nazirlikdən çıxan nömrələr olduğunu dedi. Keçmiş təhsil naziri Misir Mərdanovun imzası ilə həmin adamlara sertifikat verilib. Həmin şəxslərə xüsusi güzəştlə rayonlarda işləmək hüququ verilib. Diplomlar nazirlikdən çıxıb, sertifikat nazirin imzası ilə verilib, sonra özləri də diplomları saxta elan etdilər. Həmişə bütün diplomlar nazirlikdə kompüter qeydiyyatından keçib. Əgər həmin diplomlar qeydiyyatdan keçməmişdirsə, nə üçün 46-25-177/16 №-li, 16.01.2008-ci il tarixli məktubun keçmiş təhsil naziri Misir Mərdanovun imzası ilə verilməsi sualı cavabsız qalıb”.


Məhəmməd Əliyev əlavə olaraq göstərib ki, 2011-ci ildə 3 nəfər şəxs onun yanına gələrək diplomlarının saxta çıxdığını ona deyib: "Lakin hazırki iş üzrə adı keçən digər şəxslər - Vüqar Məcid oğlu Məcidovun, Səmayə Qərbalı qızı Abdulrəhimovanın, Bəkir Cəlil oğlu Hüseynovun Azərbaycan Respublikasının vətəndaşı olmaları barədə məndə məlumat olmayıb. Nurbala Süleymanov onları əsli Ağdam rayonundan olan, bir nəfər polis mayoru vasitəsilə, Mehman Zaman oğlu Məmmədov adlı şəxsin yanına aparıb, Məmmədov onların birini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə, birini Ağdama, birini də Tərtərə aparıb, sonradan onun həmin şəxslərin təhsil müəssisəsinə düzəlib-düzəlməməsi barədə məlumatım olmayıb.


Apelyasiya şikayətləri və protestinin dəlilləri araşdırılandan sonra qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.


Yeni hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onların hər biri barəsində 1 il sınaq müddəti olamqla 8 il müddətinə şərti cəza təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ