Paytaxt sakini Kapital Banka məxsus ATM-lərdən biri ilə bağlı ciddi narazılığını ictimailəşdirib. İddiaya görə, Xətai metrosu yaxınlığında yerləşən bankomat vasitəsilə 100 ABŞ dollarını manata dəyişmək istəyən vətəndaş gözlənilməz problemlə üzləşib.
Vətəndaşın sözlərinə görə, ATM pulu qəbul etsə də, nə əməliyyatı tamamlayıb, nə də vəsaiti geri qaytarıb. Bildirilir ki, hadisədən sonra Kapital Bankın 196 Çağrı Mərkəzi ilə əlaqə saxlanılıb. Operatorun cavabına əsasən, vəsaitin qaytarılması üçün təxminən 3 iş günü gözləmək lazım olduğu bildirilib.
Bu cavab isə vətəndaşın ciddi narazılığına səbəb olub. O, bankın texniki nasazlığının nəticələrinin müştərinin üzərinə qoyulmasını qəbuledilməz hesab etdiyini bildirib və yaranmış vəziyyəti sərt tənqid edib.
Narazı vətəndaş məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb.
Qeyd: Bu yazıda yer alan məlumatlar və iddialar vətəndaşın paylaşımına əsaslanır. Kapital Bankın məsələ ilə bağlı mövqeyi məlum deyil. Bankın rəsmi açıqlaması təqdim olunacağı təqdirdə, dərc etməyə hazırıq.



