Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib.
Bu barədə EFE sözügedən Afrika ölkəsinin Milli İctimai Səhiyyə İnstitutuna istinadən məlumat yayıb.
Məlumata görə, indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.
Yerli hakimiyyət ölkədə infeksiyanın sürətlə və davamlı şəkildə yayılması barədə xəbərdarlıq da edib.
Qeyd olunur ki, epidemiyanın episentri ölkənin şərqindəki İturi əyaləti olub. Daha sonra ölkənin başqa əyalətlərində və qonşu dövlət - Uqandada yoluxma halları baş verib. İndiyə qədər Uqandada iki ölüm də daxil olmaqla 19 yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, daha əvvəl KDR və Uqandada Ebola virusuna yoluxma hallarının sayının 397-yə çatdığı barədə məlumat yayılmışdı.








