London polisinin kral ailəsi üzvlərinin mühafizəsinə cavabdeh olan bölməsinin 21 əməkdaşı xidmətdən kənarlaşdırılıb. Buna səbəb kimi həmin şəxslərin növbətçilik zamanı postda yatması və ya icazəsiz olaraq iş yerini tərk etməsi göstərilir.
Bu barədə məlumatı "Skotland-Yard"ın rəsmi açıqlamasına istinadən BBC və CNN yayımlayıb.
Qalmaqal may ayının ortalarında üzə çıxıb. Həmin vaxt "The Sun" nəşri kralı, onun ailə üzvlərini və iqamətgahlarını qoruyan 30-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı barədə xidməti vəzifələrini layiqincə yerinə yetirmədikləri üçün təhqiqat başlandığını yazmışdı.
Polis idarəsindən faktı təsdiqləyərək ümumilikdə 23 əməkdaşa qarşı intizam tədbiri görüldüyünü bildiriblər. Onlardan 21-i işdən kənarlaşdırılıb, digər iki nəfər isə araşdırma müddətində kral ailəsinin və iqamətgahların mühafizəsi tapşırığından uzaqlaşdırılıb. Bukingem sarayının mətbuat xidməti isə yayılan məlumatlara münasibət bildirməkdən imtina edib.








