Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ona zəng edəcəyi təqdirdə, danışmağa hazırdır.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya mətbuatına açıqlamasında bildirib.
Uşakov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara Avropa nümayəndələrinin mümkün iştirakı məsələsinə də münasibət bildirib. O, amerikalılarla işçi səviyyəsində təmasların olduğunu qeyd edərək, danışıqların ilk mərhələsinin üçtərəfli formatda keçirilməsinin məntiqli olduğunu söyləyib.
Kreml rəsmisi Zelenskinin Putinlə Moskvada görüşə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Ukrayna lideri müxtəlif kanallar vasitəsilə bu barədə siqnallar göndərir.
Zelenskinin zəng edəcəyi təqdirdə Putinin cavab verib-verməyəcəyi ilə bağlı suala isə Uşakov belə cavab verib:
"Düşünürəm ki, Putin telefonu açacaq. Putin heç vaxt görüşməkdən imtina etməyib”.








