RU
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisini həbsdən azad etdilər
11:10
27

Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisini həbsdən azad etdilər

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Röyal Hacıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

7News.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin hökmü ilə R.Hacıyevə şərti cəza verilib və dərhal məhkəmə zalında həbsdən azad edilib.

İttihama əsasən, təqsirləndirilən şəxs 2023-cü ilin yaz aylarından etibarən işlədiyi mağazada aparılan təmir işləri zamanı yaranmış vəziyyətdən istifadə edib. Təmir işlərinin təxminən həmin ilin avqust ayınadək davam etdiyi bildirilib.

Belə ki, Röyal Hacıyev həmin dövrdə anbarda ona etibar edilmiş yeni kompüterləri şirkətin rəhbərliyindən və digər əməkdaşlardan xəbərsiz şəkildə müştərilərə "2-ci əl" məhsul kimi təqdim edərək onların real dəyərindən iki-üç dəfə ucuz qiymətə satıb. Lakin satışdan əldə etdiyi vəsaiti şirkətin kassasına təhvil verməyərək özünə götürüb.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında da anbarda olan daha bir kompüteri çantasına qoyaraq işdən çıxıb. Həmin kompüteri də sonradan sataraq əldə etdiyi pulu mənimsədiyi və bu barədə şirkətə məlumat vermədiyi bildirilir.

Məhkəmə istintaqı zamanı Röyal Hacıyevin vahid niyyətlə şirkətə məxsus ümumilikdə 49 ədəd kompüteri sataraq əldə olunan pulları mənimsədiyi müəyyən edilib. Mənimsənilən əmlakın ümumi dəyəri 90 000 manat təşkil edib.

Təqsirləndirilən şəxs satışlardan əldə etdiyi vəsaiti şirkətin kassasına təhvil verməyib və həmin pulları şəxsi və ailəvi ehtiyaclarına sərf edərək israf edib.

Beləliklə, şirkətə ümumilikdə 90 000 manat məbləğində maddi ziyan vurulduğu müəyyənləşdirilib.

Məhkəmə iclasında Röyal Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ