RU
MƏHƏBBƏT PAŞAYEVA – ANA HƏSRƏTİNİ VƏ ŞƏXSİ AĞRISINI VƏTƏN XİDMƏTİNƏ QURBAN VERƏN QƏHRƏMAN HƏKİM
17:00
18

MƏHƏBBƏT PAŞAYEVA – ANA HƏSRƏTİNİ VƏ ŞƏXSİ AĞRISINI VƏTƏN XİDMƏTİNƏ QURBAN VERƏN QƏHRƏMAN HƏKİM

Bir qadının, bir ananın, bir həkimin müharibə illərində yazdığı səssiz qəhrəmanlıq salnaməsi

ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ VƏ XALQIMIZIN BİRLİYİ

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixi Qələbə güclü siyasi iradənin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, rəşadətli Ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti illər ərzində öz gücünü, siyasi mövqeyini və müdafiə qüdrətini möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsi öz imkanı və bacarığı ilə bu müqəddəs mübarizəyə töhfə verdi. Cəbhədə əsgərimiz, arxa cəbhədə isə həkimimiz, müəllimimiz, könüllümüz, təmənnasız qan donorlarımız və minlərlə vətəndaşımız Vətən naminə bir amal ətrafında birləşdi.

Zəfər yalnız döyüş meydanında qazanılan qələbə deyildi. Bu, həm də xalqın iradəsinin, həmrəyliyinin, Vətən sevgisinin və fədakarlığının təntənəsi idi.

ANA HƏSRƏTİ – BAŞQA ANALARIN ÖVLADLARINI XİLAS ETMƏK ÜÇÜN

Zəfər tariximizi yazan qəhrəmanlarımızdan danışarkən, bəzən ön cəbhədə silah tutmayan, lakin həyatla ölüm arasında mübarizə aparan insanların fədakarlığını da xatırlamalıyıq.

Belə insanlardan biri də həkim Məhəbbət Paşayevadır.

Bir ana düşünün: öz övladlarından uzaqda, müharibənin ağır günlərində yaralı əsgərlərin yanında, gecə-gündüz insanların həyatını xilas etmək üçün çalışan bir qadın...

Məhəbbət Paşayeva Birinci Qarabağ müharibəsi illərində Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi ən ağır və təhlükəli günlərdə insanların həyatını xilas etmək üçün mübarizə aparıb. O, həkimlik borcunu hər şeydən üstün tutaraq yaralıların köməyinə çatıb, bəzən aylarla öz övladlarından ayrı qalmaq bahasına başqalarının analarına övladlarını qaytarmağa çalışıb.

Onun həyat hekayəsi göstərir ki, qəhrəmanlıq yalnız silah tutmaq deyil. Bəzən qəhrəmanlıq öz ana həsrətini ürəyində gizlədərək başqa anaların övladlarının həyatını xilas etməkdir.

DOĞMA QARDAŞINI XİLAS ETMƏK ÜÇÜN ÜÇ DƏFƏ QAN VERƏN BACI

Məhəbbət Paşayevanın həyatında ən ağrılı məqamlardan biri də doğma qardaşı Ədalət Paşayevin yaralanması olub. O, qardaşının həyatını xilas etmək üçün üç dəfə qan verib. Bir həkim kimi xəstəsinə kömək etmək üçün bütün imkanlarını səfərbər etdiyi halda, bu dəfə söhbət onun doğma qardaşının həyatından gedirdi.

Təəssüf ki, bütün səylərə baxmayaraq, qardaşını xilas etmək mümkün olmayıb.

Bu hadisə bir insanın həm həkim, həm bacı, həm də Vətən qarşısında daşıdığı ağır məsuliyyətin nə qədər böyük olduğunu göstərir. Məhəbbət xanımın yaşadığı bu ağrı onun müharibə illərində göstərdiyi fədakarlığın nə qədər dərin və insani olduğunu bir daha ortaya qoyur.

HƏKİMLƏRİMİZİN SƏSSİZ QƏHRƏMANLIĞI

Vətən müharibəsi və ondan əvvəlki ağır döyüş illəri bir daha göstərdi ki, həkimlərimiz də Vətən müdafiəsinin ön cəbhəsində dayanırlar.

Onlar mərmi səsləri altında yaralılara yardım göstərir, qanaxmaları dayandırır, əməliyyatlar aparır, yorğunluğa, təhlükəyə və şəxsi ağrılarına baxmayaraq insan həyatını xilas etmək üçün mübarizə aparırdılar.

Bəzən bir həkimin vaxtında atdığı addım bir əsgərin həyata qayıtması, bir ailənin yenidən qovuşması, bir ananın göz yaşlarının sevincə çevrilməsi demək idi.

Bu gün Zəfərdən danışarkən, həmin illərdə həyatını insanlara xidmətə həsr etmiş həkimlərimizin, tibb bacılarımızın, feldşerlərimizin, sanitarların və bütün tibb işçilərimizin əməyini xüsusi ehtiramla xatırlamalıyıq. Onların qəhrəmanlığı da Zəfər tariximizin ayrılmaz hissəsidir.

ZƏFƏRİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI – TƏMƏNNASIZ QAN DONORLARI

Bu tarixi mübarizədə qan donorlarının da xüsusi yeri var.

Yaralı əsgərin həyatını xilas etmək üçün göstərilən tibbi yardımın ən vacib ehtiyaclarından biri qan və qan komponentləridir. Müharibə dövründə könüllü və təmənnasız şəkildə qan verən insanlar bəlkə də heç vaxt xilas etdikləri insanları tanımadılar. Lakin onların verdiyi qan bir çox ailəyə ümid, bir çox yaralıya yaşamaq şansı verdi.

Donorluq sadəcə qan vermək deyil. Bu, tanımadığın bir insanın həyatına sahib çıxmaq, onun ailəsinin taleyinə ümid olmaqdır.

Biz bu gün Zəfərimizi qeyd edərkən, Vətən müharibəsi illərində və ondan əvvəlki dövrlərdə təmənnasız qan verərək yaralıların həyatının xilas edilməsinə töhfə vermiş bütün donorlarımızı dərin minnətdarlıqla xatırlamalıyıq.

Onlar da öz səssiz fədakarlıqları ilə Vətənə xidmət etdilər. Çünki bəzən bir insanın verdiyi bir damla qan başqa bir insan üçün bütöv bir həyat deməkdir.

ZƏFƏRİMİZİN HƏR BİR QƏHRƏMANINA EHTİRAM

Zəfər Günümüz bizə yalnız qürur yaşatmır, həm də böyük bir məsuliyyət xatırladır. Bu tarixi Qələbənin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlətimizin qətiyyətli siyasəti, xalqımızın birliyi, həkimlərimizin fədakarlığı və donorlarımızın təmənnasız yardımı dayanır.

Məhəbbət Paşayeva kimi qəhrəman həkimlərin həyat yolu gələcək nəsillərə örnək olmalıdır. Onların yaşadıqları, çəkdikləri ağrılar, göstərdikləri fədakarlıqlar unudulmamalı, cəmiyyətə çatdırılmalı və layiqincə qiymətləndirilməlidir.

Çünki tarix yalnız döyüşənlərin deyil, yaşatmaq üçün mübarizə aparanların da adını yaşatmalıdır.

8 Noyabr – Zəfər Günümüz mübarək olsun!

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Məhəbbət Paşayeva kimi fədakar həkimlərimizi, bütün tibb işçilərimizi, könüllü donorlarımızı və Vətənə xidmət edən hər kəsi qorusun.

Zəfərimiz əbədi, birliyimiz sarsılmaz, Azərbaycanımız daim var olsun!

Dərin hörmətlə,
Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin
İdarə Heyətinin sədri

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ