“Başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyildir”.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən və onun suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul olunub.
Bu qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin "Azərbaycan və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusu üzrə birgə konfransında çıxışında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsi, xüsusilə onun 51-ci Maddəsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
“Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyildir və onun status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcəkdir”, - deyə, nazir bəyan edib./oxu
7news.az








