DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şahnəzərli kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri və məktəblərin pedaqoji heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-ni rəisi, polis polkovniki Məhəmməd İbrahimov bildirib ki, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, eləcə də azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları ölkəmizin bütün bölgələrində yerləşən təhsil müəssisələrində ictimaiyyət nümayəndələri ilə birgə şagirdlərlə görüşlər keçirilir, maarifləndirmə işləri aparılır. Cəmiyyətdə "Ağ ölüm" kimi tanınan narkomaniyanın zərərləri haqqında danışan polis rəisi qeyd edib ki, bu maddələr insan həyatına sağalmaz yaralar vurur və bu bəlaya düçar olmuş şəxslər həyatlarının erkən çağlarında öz gələcəklərini məhvə sürükləyirlər. Buna görə də, istər hüquq mühafizə orqanlar, istərsə də müəllim və valideynlər bu bəlanın qarşısının alınmasında fəal iştirak etməlidirlər.
Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov və polis əməkdaşları dini radikalizm və erkən nikahın fəsadları barədə geniş məlumatlar veriblər.
Görüşün sonunda məktəbin pedaqoji heyəti keçirilən maarifləndirici tədbirə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşların öz təşəkkürlərini bildiriblər.








