Cari ilin meteoroloji müşahidələr tarixində ən isti il olması ehtimalı olduqca yüksəkdir.
İqlim tədqiqatları üzrə ixtisaslaşan ABŞ-nin "Berkeley Earth" qeyri-kommersiya təşkilatı öz aylıq hesabatında belə bir proqnozla çıxış edib.
Təşkilatın analitiklərinin fikrincə, 2026-cı ilin tarixdə ən isti il olma ehtimalı təxminən 69% təşkil edir. Bununla yanaşı, cari ilin müvafiq reytinqdə ikinci yerdə qərarlaşması da mümkündür. Hesabatda bildirilir ki, bu ssenarinin reallaşma şansı 30%-ə bərabərdir.
"Berkeley Earth" qeyd edir ki, geridə qalan iyul ayı 2026-cı ilin ən isti ayı olub. Yer kürəsi səthinin təxminən 8.5%-də, o cümlədən Aralıq dənizi hövzəsində, Cənubi Avropada, Rusiya Federasiyasının qərb hissəsində, Sibirdə və Mərkəzi Asiyada yerli temperatur rekordları yenilənib. Ümumilikdə yeni aylıq rekordlar 32 ölkədə qeydə alınıb.
Avqustun 10-da yayılan məlumatlarda Böyük Britaniya və Fransanın beşinci anomal isti dalğasına hazırlaşdığı bildirilirdi. Avropa ölkələrini mayın sonlarında bürüyən anomal istilər bu müddət ərzində səngiməməklə yanaşı, həm də pik həddinə çatıb.
Dövlət orqanları müvafiq tədbirlər görsələr də, hava şəraiti həm əhaliyə, həm də infrastruktura ciddi ziyan vurur.








