Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdiriləcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.
Milli Məclisə yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı qanun layihəsi göndərilmişdi. Həmin qanun layihəsində dəyişikliklər ediləcək. Məlumatlara görə, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. İndi həbs cəzası deyil, onların 100 manat məbləğində cərimə ediləcəkləri təklif edilir.

Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir. Yol- nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında deyib ki, bəzi yollarda piyada keçidləri düzgün olmayan yerlərdə quraşdırılıb: "Belə yollar araşdırılmalıdır. Çünki tikinti normaları, məskunlaşma qaydaları var. O normalara uyğun piyadanın yolu keçməyə rahat yeri olmalıdır. Bakı ətrafında yol salınıb. Bir tərəfi yaşayış məntəqələri, məktəb, bu tərəfi market və digər obyektlərdir, ortasından isə dəmir hasar keçir. Bu özü qətiyyən normal deyil və yolsalma qaydalarına ziddir. Normal hərəkət təşkil olunmalıdır. Həmin yollarda 400 metrdən bir piyada keçidi olmalıdır”.
Ekspertin sözlərinə görə, 100 manat cərimə təhlükəli həddə yol hərəkəti qaydalarını pozan piyadalara şamil oluna bilər: "Bu, hələ ideyadır. Əvvəl beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolun hərəkət hissəsinə keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olundu. Mən bunun əleyhinə oldum. Həbs real deyil. Tutaq ki, 50 yaşında qadındır, onu nə həbs etmək? Onun alternativi kimi 100 manat cərimə irəli sürürlər. Görək Milli Məclis nə münasibət bildirəcək. Prospektlərdə, küçələrdə qaydanı pozub, yolun hərəkət hissəsinə keçmək anormal olsa da, təhlükəli deyil. Amma təsəvvür edin ki, piyada dəmir arakəsmənin üstündən hoppanıb keçir. Bu, artıq təhlükəlidir. Öz həyatını da, sürücünü də təhlükəyə atır”.
Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.//cebhe.info
7News.az








