Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinslilərin nikahının leqallaşdırılmasına imkan verə biləcək "ən yaxın şəxs statusu" haqqında qanun layihəsini imzalamaqdan imtina edib.
Navrotski "X" platformasındakı rəsmi hesabında paylaşdığı videomüraciətində bildirib:
"İndi isə razılaşmadığım və veto hüququmdan istifadə etdiyim qanunlara diqqət çəkmək istəyirəm. Söhbət iki sənəddən gedir. Bunlar ən yaxın şəxs statusu və birgə yaşayış haqqında müqavilə, eləcə də giriş müddəalarını cəmləşdirən qanun layihələridir".
Dövlət başçısı vurğulayıb ki, bu layihələr ailə qanunvericiliyində ər-arvad hüquqlarına bənzəyən geniş səlahiyyətlərə malik yeni bir institutun əsasını qoyur və beləliklə başqa ad altında və nikahın nəzərdə tutduğu öhdəliklərin tam siyahısı olmadan nikaha doğru hüquqi yol açılır.
O, fikrini belə tamamlayıb:
"Konstitusiyanın qarantı kimi, 18-ci maddədə kişi və qadın ittifaqı kimi təsvir olunan, Polşa respublikasının himayəsi və qayğısı altında olan nikahın xüsusi statusunun itirilməsinə gətirib çıxaracaq qərarları təsdiq edə bilmərəm".








