Azərbaycana qarşı dəfələrlə qərəzli fikirlər səsləndirən Polşanın "TVP World" telekanalı ölkənin antikorrupsiya qurumlarının diqqət mərkəzinə düşüb. Varşava yayımçının redaksiya siyasətini mətbuat azadlığı ilə əsaslandırmağa çalışsa da, telekanalın xarici bölməsinin televiziya proqramlarının istehsalına xərclədiyi çoxmilyonluq vəsaitlərlə bağlı ciddi suallar yaranıb.
7News.Az "Minval"a istinadən xəbər verir ki, Polşanın Mərkəzi Antikorrupsiya Bürosu televiziya verilişlərinin hazırlanmasının kənar təşkilatlara həvalə edilməsi zamanı ehtimal olunan qanun pozuntuları barədə Varşava Dairə Prokurorluğuna bildiriş göndərib.
Polşa mətbuatının məlumatına görə, "Polşa - innovasiya mərkəzi" proqramı üçün təxminən 2.5 milyon zlotı (təxminən 1.1 milyon manat), "Mədəniyyət şəhərləri" layihəsi üçün isə 2.8 milyon zlotı (təxminən 1.2 milyon manat) xərclənib. Bununla belə, bəzi materiallar "YouTube" platformasında cəmi onlarla və ya yüzlərlə baxış toplayıb. Həmçinin, istehsal prosesinin iştirakçılarının ehtimal edilən şəxsi əlaqələri və sifarişlərin bölüşdürülməsi qaydası da şübhələrə səbəb olub.
Bu maliyyə qalmaqalı fonunda, noyabrın 18-də Polşa İctimai Televiziyasının Proqram Şurası "TVP World" və "Belsat"ın daxil olduğu beynəlxalq media mərkəzinin fəaliyyətini nəzərdən keçirməyi planlaşdırır. Şuranın beş üzvü artıq yayımçını tənqid edərək, onu obyektivlik, dürüstlük və plüralizm prinsiplərini pozmaqda ittiham edib.
Xatırladaq ki, son aylarda "TVP World" telekanalı Azərbaycanla, o cümlədən Vətən müharibəsi və regiondakı sonrakı proseslərlə bağlı mənfi və Bakının qiymətləndirməsinə görə qərəzli materiallar yayımlayıb. İki ölkə arasındakı ənənəvi dostluq münasibətləri fonunda, telekanalın belə bir redaksiya siyasəti yürütməsi Azərbaycan tərəfinin narazılığına səbəb olub.
2026-cı ilin yayında Polşanın səfiri iki dəfə Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Varşava isə buna cavab olaraq ictimai yayımçının redaksiya siyasətinin "müstəqilliyi"nə və "mətbuat azadlığı"na istinad edib. İndi isə "TVP World" özü dövlət vəsaitlərinin istifadəsi ilə bağlı araşdırmanın mərkəzinə çevrilib.
Hazırda ehtimal olunan maliyyə pozuntularının yoxlanılması davam edir və onların mövcudluğu hələlik rəsmən təsdiqini tapmayıb.








