Türkiyədə Azərbaycanın ünvanına od püskürənlər bir günün, iki günün içində meydana çıxmayıb.
Azərbaycandan öncə nifrətləri Türkiyə Cümhuriyyətinədir, Azərbaycan prezidenti İlham Əliyevdən qabaq düşmən saydıqları Mustafa Kamal Atatürkdür.
Mustafa Kamalın çürümüş, birinci dünya savaşında məğlub olmuş Osmanlıda yüz illər ərzində sayğı görməmiş türk kimliyini misaqi-milli sərhədləri içərəsində xilas etməsini, Cümhuriyyət şəklində təşkilatlandıraraq modernləşdirməsini həzm edə bilmirlər.
Gözlədikləri tarixi məqam Nəcməddin Ərbakanın baş bakan olması ilə yetişdi. Elə həmin Ərbakanı Liviya lideri Qəddafi ərəb çadırında aşağıladı. Bu olaydan sonra türk titrəməli, özünə dönməli idi. Lakin nurçu-islamçı cameə AKP-ni ortaya çıxardı.
Fətullah Gülənin "qızıl nəsil” yetişdirərək xilafət qurmaq planları AKP simfoniyasının ifasında "Türkiyə Əsri" utopiyasına döndü.
AKP və çevrəsindəki mühafizəkar- fundamentalist qruplar öz siyasi varlığını Osmanlı mirasını, islam tarixini, "yerli və milli" dəyərləri istismar etməklə davam etdirdi.
Əlinə girəvə düşən Atatürkü hədəfə aldı.
Türkiyə Cümhuriyyətinin Atatürklə eyniləşdirilən ontoloji prinsip və dəyərləri xilafət nostalgiyası ilə etibarsızlaşdırıldı.
Türkiyənin rasional insanları, sekulyar ictimai-siyasi xadimləri həyacan təbili çaldılar.
Mustafa Kamalın izindən sapmağın Türkiyənin daxili və xarici siyasətində böhrana səbəb olacağını söylədilər.
Kar etmədi!
Bir gün türban, bir gün Aya Sofya, bir gün rakı, bir gün "takı” bəhanəsi ilə Türkiyə cəmiyyətini sosial mühəndislik texnologiyaları ilə pozitiv elmi dünyagörüşdən uzaq saldılar. Təhsil sistemi başdan başa "İmam Xətib”lərə döndərildi. Ali məktəblərə qəbul imtahanlarının sualları Fətullah Gülən təriqətinin üzvlərinə imtahandan öncə hədiyyə edildi.
Atatürkün adını daşıyan hava limanı havaya sovruldu.
Konyada, Bursada, Antalyada, Kayseridə, Rizə və Əskişəhərdə "Atatürk”ün ismi stadionlardan götürüldü. Bəzi yerlərdə kütləvi etirazdan sonra ad meydanlara geri qaytarıldı.
Atatürklə bağlı gözə dəyən, yadda qalan, ictimai hafizəyə hopan nə varsa, hamısı arxa plana keçirildi.
"Atatürk əleyhinə işlənən suçlar haqqında” 5816 sayılı xüsusi qanunun ləğvi üçün AKP-nin dəstək verdiyi dini qurumlar illərcə təbliğat apardı.
Yadınıza salmağa çalışın, xarici səfərlərdə Türkiyə rəhbərləri, nazirləri Atatürkün abidəsini ziyarət edirlərmi?
Dünyanın az qala yarısında Atatürk heykəlləri var, hansı Türkiyə rəsmisi gedib qarşısına bir dəstə gül qoyur?
Qəsdən etmirlər!
Öz aləmlərində xilafəti, səltənəti ortadan qaldırmış Mustafa Kamalla hesablaşır, haqq-hesab çürüdürlər.
Özlərinə kəsdikləri əriştə bir yana, indi də bizim ömrümüzü-günümüzü çürütmək istəyirlər.
Amma və lakin…
Azərbaycan kimsənin umacına möhtac deyil!
Bizim Türkiyədən tək bir umacağımız var: Müstəqilliyimizə, Konstitusiyamıza, Tərəqqimizə hörmət edin!








