Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlar Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər ediblər.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində "Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən "ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.













