Rusiya İrandan ölkəyə ixrac üçün çiçəklərin fitosanitar sertifikatlaşdırılmasının müvəqqəti dayandırılmasını xahiş edib.
Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, 2026-cı ildə İrandan Rusiyaya gətirilən çiçəklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Sənədlərdə məhsulların mənşə ölkəsi kimi İran göstərilsə də, onların xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal edilən çiçəklərlə tam eynidir.
"Rosselxoznadzor” xatırladıb ki, 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan Rusiyaya çiçək idxalına müvəqqəti qadağa tətbiq olunub. Qurumun fikrincə, bu vəziyyət Ermənistan mənşəli məhsulların İran üzərindən reeksport edilməsi ehtimalını yaradır.
Bildirilib ki, "Rosselxoznadzor” daha əvvəl İran tərəfini Ermənistanın çiçək məhsullarına tətbiq edilən məhdudiyyətlər barədə məlumatlandırıb. Lakin İranın Bitki Mühafizəsi Təşkilatından cavab alınmadığı üçün qurum ikitərəfli danışıqlar aparılana və məsələyə aydınlıq gətirilənədək Rusiyaya ixrac üçün çiçəklərin sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.
"Rosselxoznadzor” qeyd edib ki, bu addım Rusiyanın və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin fitosanitar təhlükəsizliyinin qorunması məqsədi daşıyır.








