RU
Rusiyada keçirilən sərgidə Dövlət Gömrük Komitəsinin stendi maraqla qarşılanıb
18:40
235

Rusiyada keçirilən sərgidə Dövlət Gömrük Komitəsinin stendi maraqla qarşılanıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları Rusiya gömrük xidmətinin yaradılmasının ildönümü, gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən "Beynəlxalq Gömrük Forumu" və "Gömrük Xidməti" mövzusunda ixtisaslaşdırılmış sərgidə iştirak ediblər.

Moskva şəhərində təşkil edilən ixtisaslaşdırılmış sərgidə Dövlət Gömrük Komitəsinin stendi nümayiş olunub. Gömrük xidmətində həyata keçirilən islahatlar və Azərbaycanın turizm potensialından bəhs edən videoçarx, müxtəlif kitab, broşür və kiçik suvenirlərin əks etdirildiyi stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Dövlət Gömrük Komitəsinin stendi ilə yaxından tanış olan sərgi ziyarətçilərinə Azərbaycan gömrük xidmətində aparılan islahatlar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb, kitab və broşürlər təqdim edilib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin ekspozisiya ilə tanış olmaq məqsədilə Dövlət Gömrük Komitəsinin stendinə baş çəkib və Azərbaycan gömrüyünün yeni layihələri ilə tanış olub. Rusiya Federal Gömrük Xidmətinin rəhbərinə Dövlət Gömrük Komitəsində son dövrlərdə həyata keçirilən islahatlar, tətbiq olunan informasiya texnologiyaları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə məlumat verilib, daha sonra fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Rusiya, Çin, Özbəkistan, Qazaxıstan gömrük xidmətlərinin, eyni zamanda bir sıra şirkətlərin stendləri də nümayiş olunub.

Xatırladaq ki, "Beynəlxalq Gömrük Forumu"nda xarici iqtisadi fəaliyyətin inkişafı və gömrük idarəçiliyinə dair ümumilikdə 15 əsas mövzunu əhatə edən 50-dən çox sessiya, dəyirmi masa, təqdimat, seminar keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ